Bakı. Trend:
Neft və qaza gələcək investisiyaları təşviq edən düzgün mesajın formalaşdırılmasına diqqət yetirmək vacibdir.
Bunu OPEC+ Əməkdaşlıq Xartiyasının Texniki Komitəsinin Bakıda keçirilən ilk iclası çərçivəsində Trend-ə eksklüziv müsahibəsində Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haysam Əl-Qays deyib.
“Qiymətlərin həm fundamental, həm də qeyri-fundamental olmaqla çoxsaylı amillərin nəticəsi olduğunu düşünürəm. Biz isə diqqətimizi tələb və təklif arasında balansın təmin edilməsinə yönəldirik. Əməkdaşlıq Bəyannaməsi çərçivəsində məhz bununla məşğul oluruq və uzun illərdir ki, bunu uğurla həyata keçiririk. İndi isə neft sənayesinə hansı həcmdə investisiyaların lazım olmasından danışmaq olar. Proqnozlarımıza görə, neft sənayesinin fəaliyyətinin davamlılığını təmin etmək üçün hər il təxminən 700 milyard dollar investisiya tələb olunur. Bu isə bu gündən 2050-ci ilədək ümumilikdə təxminən 18 trilyon dollar deməkdir. Bu investisiyalar sənayenin bütün seqmentlərini – "upstream", "midstream" və "downstream" sahələrini əhatə edir. Bu, çox böyük həcmdir və biz bazarın sabitliyini təmin etməklə, investorlar üçün əlverişli mühit formalaşdırmaqla məhz bunu dəstəkləməyə çalışırıq.
Əlbəttə, son illərdə investisiya cəlbediciliyinin azaldığını müşahidə etmişik. Belə ki, bazarda ciddi profisit yaranmış, mövcud şərait investisiyaları təşviq etməmişdi. Lakin qiymətlərin səviyyəsindən asılı olmayaraq, əvvəl danışdığımız məsələyə – neft və qazdan imtina ilə bağlı narrativə qayıtmaq istərdim. Beynəlxalq Enerji Agentliyi bəyan etmişdi ki, 2030-cu il neft və qaz dövrünün sonu olacaq. Halbuki biz hər il neftə tələbat üzrə yeni rekordların şahidi oluruq. 2030-cu ilə isə beş ildən də az vaxt qalıb. Son 10 il ərzində onlar neftə tələbatın pik həddə çatacağını və daha sonra onilliyin sonunadək azalacağını proqnozlaşdırırdılar. Amma bu baş vermir. Məhz buna görə də yalnız investisiyalara imkan verən və onları stimullaşdıran qiymət səviyyəsinə deyil, həm də sənayenin gələcəyinə inam yaradan düzgün mesajın formalaşdırılmasına diqqət yetirmək vacibdir. Bu mesaj neft və qaza gələcək investisiyaları təşviq etməli, onlara mane olmamalıdır”, – deyə OPEC-in baş katibi vurğulayıb.
