Bakı. Trend:
Ermənilər başa düşməyə başlayıblar ki, yeganə inkişaf yolu dinc yanaşı yaşamaqdır.
Bu barədə Azərbaycan Respublikasının Əməkdar memarı, Azərbaycan Memarlar İttifaqının sədri, Bakının sabiq baş memarı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin kafedra müdiri Elbəy Qasımzadə Baku Network ekspert platformasında yayımlanan "Tofiq Abbasovla Dialoq" videolayihəsinin yeni buraxılışında deyib.
"2021-ci ilin martında Ağdama ilk səfərim zamanı gördüklərim məni sarsıtdı. Azad olunmuş ərazilərdə dağıntıların miqyasını məntiqlə izah etmək mümkün deyil. Gördüklərimdən sonra ilk düşündüyüm bu oldu ki, bunu insan edə bilməzdi. Məqsəd həyatı və həyatın bütün izlərini məhv etmək idi. Onlar 30 il ərzində hər şeyi talayıblar. Orada bir dənə də mismar, bir parça taxta qalmamışdı. Bütün metalı aparmış, bütün ağacı emala göndərmişdilər. Yalnız səpələnmiş daşlar qalmışdı", - deyə o bildirib.
Elbəy Qasımzadə qeyd edib ki, Azərbaycan torpaqları işğaldan azad olunduqdan sonra tarixi baxımdan çox qısa müddət ərzində həmin ərazilərdə yenidən şəhərlər və kəndlər salınıb.
"Beş il tarix üçün heç nə deməkdir. Amma bu gün həmin torpaqlarda yenidən insanlar yaşayır, ailələr qurulur, uşaqlar məktəbə gedir, insanlar çalışırlar. O torpaq hər gün daha da dirçəlir", - deyə o vurğulayıb.
Qonşu ölkədə səslənən revanşist bəyanatlara münasibət bildirən memar bunları natamam düşüncənin təzahürü adlandırıb.
"Sağlam düşüncəli insan heç vaxt qisas hissi ilə yaşamaz. O, ədalətin bərpasını düşünər. Əgər məqsədimiz müharibəni davam etdirmək olsaydı, onu dayandırmazdıq. Məqsəd öz torpaqlarımızı azad etmək, onları bərpa etmək və dinc yaşamaq idi. Qonşu ölkədə sağlam düşünən insanlar artıq anlayırlar ki, inkişafın yeganə yolu Azərbaycan dövlət başçısının təklif etdiyi dinc yanaşı yaşamaq və əməkdaşlıqdır", - deyə Elbəy Qasımzadə bildirib.
O əlavə edib ki, azad edilmiş ərazilərin bərpası prosesində ən ciddi problemlərdən biri mina təhlükəsidir.
Verilişin sonunda Elbəy Qasımzadə gənc memarlarla işdən danışaraq bildirib ki, bu, Azərbaycan Memarlar İttifaqının sədri kimi fəaliyyətində əsas prioritetlərdən biridir.
"Bu yaxınlarda Barselonada keçirilən Dünya Memarlar Konqresində Azərbaycan nümayəndə heyətinin tərkibində üç gənc mütəxəssis iştirak edirdi. Gənclər cəmiyyətin ən həssas təbəqəsidir. Onlar qeyri-səmimiliyi və yalanı dərhal hiss edirlər. Əgər biz onları qısqanclıq və şəxsi maraqlar olmadan yetişdiririksə, bunu qiymətləndirirlər. Gənclərimiz məhz belə nümunələr üzərində formalaşmalıdır", - deyə o əlavə edib.
Oxuculara verilişin tam videoyazısını təqdim edirik.