Bakıda OPEC+ Əməkdaşlıq Xartiyası çərçivəsində ilk iclas keçirilib (YENİLƏNİB) (FOTO)

İqtisadiyyat Xəbər 15 İyul 2026 10:16 (UTC +04:00)
Bakıda OPEC+ Əməkdaşlıq Xartiyası çərçivəsində ilk iclas keçirilib (YENİLƏNİB) (FOTO)
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Bakıda OPEC+ Əməkdaşlıq Xartiyası çərçivəsində ilk iclas keçirilib.

Bu barədə Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir.

Tədbirdə çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, ölkə Əməkdaşlıq Bəyannaməsi (DoC) çərçivəsində artıq on ilə yaxındır ki, OPEC+ formatı vasitəsilə qlobal neft bazarında sabitliyin təmin olunmasına fəal və məsuliyyətli şəkildə töhfə verir.

"Dünyada ilk sənaye neft quyusunun 1846-cı ildə Bibiheybətdə qazılmış təsvirinin OPEC Katibliyinin Vyanadakı mənzil-qərargahında fəxri yer tutması təsadüfi deyil. Bu gün Bakı təkcə zəngin neft irsi ilə deyil, həm də qlobal enerji dialoqunun aparıcı mərkəzlərindən biri kimi tanınır. Məhz burada beynəlxalq əməkdaşlığı təşviq edən çoxsaylı təşəbbüslər irəli sürülür, ən mühüm strateji məsələlər müzakirə olunur və gələcəyin qlobal enerji gündəliyi formalaşdırılır. Azərbaycan üçün energetika yalnız iqtisadi inkişafın əsası deyil, həm də etibarlı tərəfdaşlığın, qarşılıqlı etimadın və ümumi məsuliyyətin rəmzidir. Bu prinsipləri rəhbər tutaraq Azərbaycan qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, bazarın sabitliyinin təmin olunmasına və beynəlxalq əməkdaşlığın inkişafına ardıcıl şəkildə töhfə verir", - deyə nazir bildirib.

O, həmçinin vurğulayıb ki, ölkənin OPEC+ formatında fəal və konstruktiv iştirakı bu prinsiplərə sadiqliyinin təsdiqidir.

"Artıq on ilə yaxındır ki, Azərbaycan Əməkdaşlıq Bəyannaməsinin iştirakçısı olan ölkə kimi OPEC+ platforması vasitəsilə tələb və təklif arasında tarazlığın qorunması məqsədilə qlobal neft bazarında sabitliyin təmin edilməsinə fəal və məsuliyyətli şəkildə töhfə verir", - deyə P.Şahbazov bildirib.

OPEC-in baş katibi Heysəm əl-Qays xatırladıb ki, 2026-cı il mayın 21-də keçirilmiş texniki görüş zamanı OPEC Katibliyi və Əməkdaşlıq Xartiyasının iştirakçı ölkələri onun həyata keçirilməsi planının əsas elementləri barədə razılığa gəliblər.

"Daha sonra, iyunun 7-də keçirilən OPEC və təşkilata üzv olmayan ölkələrin 41-ci Nazirlər Görüşündə nazirlər Əməkdaşlıq Xartiyasının məqsədlərinə nail olunmasına dair təklif edilən fəaliyyət planını təsdiqlədilər. Nazirlər, həmçinin bu planın icrasına rəhbərlik edəcək Texniki Komitənin üzvlərinin təyin edilməsi üçün öz ölkələri ilə məsləhətləşmələr aparmağı öhdələrinə götürdülər. May və iyun aylarında keçirilən görüşlər Əməkdaşlıq Xartiyasının təşkilati əsaslarının yaradılması kimi iki əsas mərhələdən birincisinin başa çatdırılmasına imkan verdi", - deyə o bildirib.

Baş katib qeyd edib ki, ikinci mərhələ Əməkdaşlıq Xartiyasının iş planının hazırlanmasını nəzərdə tutur.

"Bu mərhələyə tədbir və proqramların ətraflı siyahısı, eləcə də görüşlərin qrafiki daxildir. Bu mərhələ cari ilin dekabrında başa çatdırılmalı və nazirlər tərəfindən təsdiqlənməlidir. Hər iki mərhələnin icrası Əməkdaşlıq Xartiyası mexanizminin işə salınması üçün zəruridir. Bu, nəzərdə tutulduğu kimi, Əməkdaşlıq Xartiyasının 2027-ci ilin yanvarında aktivləşdirilməsinə imkan verəcək. Texniki Komitənin ilk iclası Xartiyanın iş planını hazırlamalı və ikinci əsas mərhələnin həyata keçirilməsini təmin etməlidir", - deyə əl-Qays bildirib.

Onun sözlərinə görə, iclas zamanı OPEC Katibliyinin nümayəndələri Əməkdaşlıq Xartiyasının aktivləşdirilməsi planına və Texniki Komitənin iş planı layihəsinə dair, o cümlədən 2027-ci il və sonrakı dövr üçün tədbirlər, proqramlar və görüşlər cədvəlini əhatə edən iki təqdimatla çıxış edəcəklər.

Xatırladaq ki, OPEC+ (Əməkdaşlıq Bəyannaməsində (DoC) iştirak edən OPEC və OPEC-ə üzv olmayan ölkələr) 2016-cı il dekabrın 10-da imzalanmış Əməkdaşlıq Bəyannaməsi (Declaration of Cooperation, DoC) çərçivəsində fəaliyyət göstərir. Bu bəyannamə OPEC-in 13 üzv ölkəsini və təşkilata daxil olmayan 11 dövləti, o cümlədən Azərbaycanı birləşdirib.

Saziş 2017-ci il yanvarın 1-də qüvvəyə minib və qlobal neft bazarının sabitləşdirilməsi məqsədilə neft hasilatının könüllü şəkildə tənzimlənməsini nəzərdə tuturdu. Razılaşmaların icrasına nəzarət etmək üçün Birgə Nazirlər Monitorinq Komitəsi (JMMC) yaradılıb və bu komitə neft bazarındakı vəziyyəti, eləcə də iştirakçı ölkələrin öhdəliklərə əməl etmə səviyyəsini izləməyə davam edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti