Azərbaycanda rəqəmsal kanallar maliyyə sektorunun əsas xidmət platformasına çevrilib - Vüsal Xəlilov

İqtisadiyyat Materials 15 İyul 2026 11:04 (UTC +04:00)
Azərbaycanda rəqəmsal kanallar maliyyə sektorunun əsas xidmət platformasına çevrilib - Vüsal Xəlilov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda rəqəmsal kanallar artıq maliyyə sektorunda əsas xidmət platformasına çevrilib və vətəndaşlarla biznesin maliyyə davranışında ciddi dəyişiklik yaradıb.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı sədrinin müavini Vüsal Xəlilov “Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son illərdə nağdsız ödənişlərin xüsusi çəkisi əhəmiyyətli dərəcədə artıb. Belə ki, kart əməliyyatlarında nağdsız ödənişlərin payı 17,8 faizdən 97 faizə yüksəlib. Eyni zamanda, ani ödənişlər sistemində əməliyyatların həcmi 2025-ci ilin əvvəlindəki 87 milyon manatdan 940 milyon manata çatıb.

V.Xəlilov bildirib ki, bu göstəricilər təkcə texnologiyaların tətbiqini deyil, həm də vətəndaşların və biznes subyektlərinin maliyyə davranışının dəyişdiyini göstərir.

O qeyd edib ki, bank sektorunda rəqəmsallaşmanın ən mühüm nəticələrindən biri insan kapitalının inkişafıdır. Son araşdırmalara əsasən, sistem əhəmiyyətli banklarda əməkdaşların təxminən 30 faizi proqramlaşdırma, süni intellekt, məhsul idarəçiliyi və DevOps kimi rəqəmsal istiqamətlərdə çalışır.

Mərkəzi Bank sədrinin müavini vurğulayıb ki, maliyyə sektorunda süni intellekt texnologiyalarından artıq kredit skorinqi, risklərin qiymətləndirilməsi və məhsulların fərdiləşdirilmiş şəkildə təklif olunması üçün geniş istifadə edilir. Hazırda isə böyük dil modellərinin (LLM) tətbiqi istiqamətində işlər davam etdirilir.

V.Xəlilov bildirib ki, Mərkəzi Bankın strategiyası vətəndaşlara birbaşa çoxsaylı xidmətlər göstərmək deyil, özəl sektorun innovativ maliyyə məhsulları yaratmasına şərait formalaşdırmaqdır. Bu məqsədlə açıq API yanaşmasının inkişaf etdirilməsi və bazar iştirakçıları üçün yeni imkanların yaradılması prioritet istiqamətlərdən biridir.

Onun sözlərinə görə, Mərkəzi Bank eyni zamanda nəzarət mexanizmlərinin rəqəmsallaşdırılması üzərində işləyir. Bu istiqamətdə süni intellekt əsaslı nəzarət alətləri, rəqəmsal hesabatlılıq və tam elektron müraciət sistemləri tətbiq edilir.

V.Xəlilov qeyd edib ki, maliyyə sektorunun gələcək inkişafı üçün risk əsaslı tənzimləmə, innovativ məhsulların sınaqdan keçirilməsinə imkan verən xüsusi hüquqi rejimlərin yaradılması, dövlət məlumat bazalarına çıxışın genişləndirilməsi və bulud (cloud) infrastrukturunun inkişafı mühüm əhəmiyyət daşıyır.

O əlavə edib ki, hazırda banklar dövlət məlumat bazalarından istifadə üçün əhəmiyyətli vəsait xərcləyirlər və bu məlumatların daha əlçatan olması rəqəmsal transformasiyanın sürətlənməsinə ciddi töhfə verə bilər. Bundan başqa, idarə olunan bulud xidmətlərinin geniş tətbiqi təşkilatların infrastruktur xərclərini azaltmaqla rəqəmsal innovasiyaların inkişafını daha da sürətləndirəcək.

Xəbər lenti

Xəbər lenti