Peşəkar jurnalistika - manipulasiyalara qarşı mübarizənin əsasını təşkil edir - Lətifə Axarbax

Siyasət Materials 14 İyul 2026 11:19 (UTC +04:00)
Peşəkar jurnalistika - manipulasiyalara qarşı mübarizənin əsasını təşkil edir - Lətifə Axarbax
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Şuşa.Trend:

Sosial şəbəkələrin populyarlığının sürətlə artdığı bir dövrdə məhz peşəkar jurnalistika ictimai etimadın formalaşdırılması, manipulyasiyalara qarşı mübarizə və sülhün möhkəmləndirilməsi üçün əsas dayaq olaraq qalır.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Mərakeş Krallığının Audiovizual Kommunikasiya üzrə Ali Qurumunun prezidenti Lətifə Axarbax IV Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən "Media prizmasından sülh quruculuğu və ictimai diskurs" mövzusunda panel sessiyada çıxışı zamanı deyib.

"Jurnalistika baş verənləri daha yaxşı anlamağa imkan verir. Jurnalistin işi konteksti təqdim etmək, mənbələri müqayisə və təkrar yoxlamaq, məlumatın etibarlılığını təsdiqləmək və düzgün prioritetlər müəyyənləşdirməkdən ibarətdir. Bu gün paradoksal vəziyyətlə üz-üzəyik: tarixdə heç vaxt informasiya bu qədər çox olmayıb, eyni zamanda ona etimad da heç vaxt bu qədər aşağı səviyyədə olmayıb. Məhz buna görə peşəkar jurnalistika etimadın möhkəmləndirilməsi, cəmiyyətin manipulyasiyalardan qorunması və sülhün qorunub saxlanılması üçün ən mühüm vasitəyə çevrilir", – deyə Axarbax bildirib.

O qeyd edib ki, "Digital News Report"un son araşdırmasına əsasən, dünyada media istehlakı tarixi dəyişiklik mərhələsini yaşayır. Onun sözlərinə görə, hazırda istifadəçilərin 54 faizi xəbərləri sosial şəbəkələr, axtarış sistemləri və video platformalar vasitəsilə əldə edir, peşəkar media qurumlarının saytları isə ilk dəfə olaraq liderliyi bu platformalara uduzub.

"Bu, tarixi dönüş nöqtəsidir. Tarixdə ilk dəfə sosial şəbəkələr peşəkar medianı geridə qoyaraq əsas xəbər mənbəyinə çevrilib. Bu isə qlobal informasiya məkanının və auditoriyanın informasiya istehlakı vərdişlərinin köklü şəkildə dəyişdiyini göstərir", – deyə o vurğulayıb.

Bununla yanaşı, Axarbax diqqətə çatdırıb ki, informasiyanın həcminin artması ona olan etimadın yüksəlməsi ilə müşayiət olunmur. Onun sözlərinə görə, hazırda dünyada informasiyaya etimad səviyyəsi cəmi 37 faiz təşkil edir.

"Nəyə inanacağını bilməyən cəmiyyət istənilən manipulyasiya üçün açıq hədəfə çevrilir. Ümumi istinad nöqtələri aradan qalxdıqda, faktlar sonsuz şəkildə şübhə altına alındıqda və həqiqət bir-biri ilə rəqabət aparan çoxsaylı versiyalara parçalandıqda, ictimai həmrəylik zəifləyir, ziddiyyətlər dərinləşir və sülh daha həssas vəziyyətə düşür", – deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti