Bakı. Trend:
Uzun illər işğal həyatı yaşayan Şuşa bu gün Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı olaraq beynəlxalq forumların, açıq dialoqun və multikultural dəyərlərin qovuşduğu nüfuzlu məkana çevrilib.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Rəşad Mahmudov deyib.
O bildirib ki, tarixi şəhəri qarşıdurma meydanından çıxararaq yenidən azadlığına qovuşduran Prezident İlham Əliyev dünyaya göstərdi ki, Şuşa sülhün, dialoqun və bəşəri dəyərlərin yaşadığı şəhərdir. Deputatın sözlərinə görə, Azərbaycan xalqının öz tarixi torpaqlarında ucaltdığı bu şəhər əsrlər boyu elm, mədəniyyət, sənət və mənəviyyat mərkəzi kimi formalaşıb.
R.Mahmudov qeyd edib ki, bu gün Şuşa həmin tarixi missiyanı yeni çağırışlara uyğun davam etdirir, dünyanın müxtəlif ölkələrindən gələn fikir və baxışları eyni platformada bir araya toplayır, beynəlxalq dialoqa, qarşılıqlı anlaşmaya və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.
Deputat vurğulayıb ki, bu baxımdan ənənəyə çevrilən Şuşa Qlobal Media Forumu ədalət, sülh və qarşılıqlı anlaşma mesajları ilə müxtəlif baxışları eyni platformada bir araya gətirərək humanizm kimi ali dəyərlərin təbliğinə töhfə verir.
Onun sözlərinə görə, bu dəfə “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan forum yenə də dünyanın müxtəlif ölkələrindən gələn nüfuzlu media nümayəndələrinin, rəsmi şəxslərin, beynəlxalq təşkilatların təmsilçilərinin, ekspertlərin və kommunikasiya sahəsində tanınmış mütəxəssislərin görüş ünvanı olub.
R.Mahmudov hesab edir ki, sülhün təşviqində medianın missiyası əvəzolunmazdır:
“Həqiqətin bərpası və etimadın yenidən qurulması obyektiv, məsuliyyətli və peşəkar medianın əsas fəaliyyət istiqamətlərindən biri olmalıdır. Təsadüfi deyil ki, hibrid təhdidlər və münaqişələrlə üz-üzə qalan müasir dünyanın bu aktual problemi məhz Şuşada geniş müzakirə olundu”.
Deputat bildirib ki, forum çərçivəsində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər və iştirakçıların suallarına verdiyi ətraflı cavablar dünya ictimaiyyətinin diqqətini yenidən Şuşaya yönəltdi. O əlavə edib ki, Prezident İlham Əliyevin mesajları qlobal gündəmdə geniş əks-səda doğuraraq beynəlxalq ictimaiyyət tərəfindən xüsusi maraqla qarşılandı.
R.Mahmudov qeyd edib ki, forumda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın dövlət siyasətinin əsas prinsiplərinə toxunaraq ölkənin yürütdüyü siyasətin hər zaman sağlam əməkdaşlığın möhkəmləndirilməsinə, regionda etimad mühitinin gücləndirilməsinə və qonşu dövlətləri narahat edən məsələlərin qarşılıqlı dialoq yolu ilə həllinə yönəldiyini bildirib.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyev vurğulayıb ki, məhz bunun davamı olaraq Şuşada keçirilən Qlobal Media Forumunda da səmimi dialoq, qarşılıqlı etimad və konstruktiv əməkdaşlıq mühitinin formalaşdırılmasına çalışılır. Dünyanın müxtəlif ölkələrindən olan media nümayəndələrinin və beynəlxalq iştirakçıların eyni platformada bir araya gəlməsi də bu məqsədə xidmət edir.
R.Mahmudov bildirib ki, Prezident İlham Əliyev dünyanın real siyasi mənzərəsini təhlil edərək Azərbaycanda mövcud olan milli birliyin sarsılmaz olduğunu qeyd edib və belə bir həmrəylik nümunəsinə dünyanın çox az ölkəsində rast gəlməyin mümkün olduğunu diqqətə çatdırıb.
Deputat qeyd edib ki, Prezident çıxışında Azərbaycanın beynəlxalq aləmlə siyasi və iqtisadi əlaqələrindən, eləcə də regional əməkdaşlığın inkişafına xidmət edən ardıcıl siyasətdən bəhs edib. Xüsusilə Birləşmiş Ştatlarla münasibətlərin perspektivlərinə toxunan Prezident İlham Əliyev qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın hər iki ölkə üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
R.Mahmudov deyib ki, uzun illər Azərbaycan torpaqlarının işğal altında qalması və beynəlxalq ictimaiyyətin bu ədalətsizliyə göz yumması uzaq keçmişin hadisəsi deyil. O xatırladıb ki, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində ölkəmizə qarşı hərbi təcavüz davam etdirilib.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin qətiyyətli liderliyi və Azərbaycan Ordusunun şücaəti sayəsində Qarabağ işğaldan azad olunub, tarixi ədalət bərpa edilib.
“Beləliklə, Azərbaycan həqiqətin bərpası və etimadın yenidən qurulması istiqamətində dünyaya nümunə təqdim edərək regionda yeni siyasi reallıqlar formalaşdırdı, davamlı sülh və əməkdaşlıq üçün möhkəm zəmin yaratdı”.
R.Mahmudov bildirib ki, bu beynəlxalq hüquqa əsaslanan qətiyyətli siyasət, güclü liderlik və milli birlik ədalətin bərqərar olmasına, etimadın möhkəmlənməsinə və sabit gələcəyin qurulmasına xidmət etdiyini aydın şəkildə nümayiş etdirib.
Onun sözlərinə görə, məhz buna görə Şuşada IV Qlobal Media Forumunun keçirilməsi Azərbaycanın formalaşdırdığı yeni geosiyasi reallıqların beynəlxalq informasiya məkanında açıq müzakirəsinə çevrilib.
Deputat qeyd edib ki, Şuşadan səslənən fikirlər göstərdi ki, həqiqəti gizlətməyə hesablanmış informasiya manipulyasiyaları uzunömürlü olmur, etimad isə ədalətə, şəffaf dialoqa və qarşılıqlı hörmətə əsaslanan münasibətlərdən doğur.
R.Mahmudov bildirib ki, forum müxtəlif ölkələrdən gəlmiş media nümayəndələri üçün Azərbaycanın postmünaqişə dövründə yaratdığı yeni reallıqları yerində görmək, onları obyektiv qiymətləndirmək və beynəlxalq auditoriyaya çatdırmaq baxımından mühüm imkan yaradıb.
Deputat sonda vurğulayıb ki, işğaldan, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi prosesə şahidlik edən Şuşa Prezident İlham Əliyevin liderliyi ilə bu gün dünyaya sülhün, ədalətin və etibarlı əməkdaşlığın mümkün olduğunu nümayiş etdirib:
“Necə ki, Azərbaycan bunu bacarmışdı!”

