Şuşa.Trend:
"LinkedIn" rəqəmsal transformasiya, əmək bazarının inkişafı və peşə bacarıqlarının təkmilləşdirilməsi məsələlərində Azərbaycanın dövlət qurumları ilə əməkdaşlıq edir.
Trend-in tədbirdə iştirak edən xüsusi müxbiri xəbər verir ki, bunu "LinkedIn"in dövlət sektoru, səhiyyə və qeyri-kommersiya təşkilatları ilə iş üzrə rəhbəri Şeymus Klensi IV Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən "Rəqəmsal platformalar və informasiya təhlükəsizliyi: müasir çağırışlar və əsas həllər" adlı panel müzakirəsində deyib.
"Biz Azərbaycanın bir çox dövlət qurumları ilə fəal əməkdaşlıq edir, konkret nəticələrə yönəlmiş qərarların qəbulunda məlumatlardan istifadə edirik", – deyə o bildirib.
Klensinin sözlərinə görə, "LinkedIn"in məlumatları əmək bazarındakı vəziyyəti real vaxt rejimində təhlil etməyə, ən çox tələb olunan peşə və bacarıqları izləməyə, həmçinin iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf meyillərini qiymətləndirməyə imkan verir.
O qeyd edib ki, platforma sosial şəbəkə kimi deyil, iş axtarışı, karyera inkişafı, təhsil və işəgötürənlərlə qarşılıqlı əlaqəyə yönəlmiş peşəkar platforma kimi nəzərdən keçirilir.
Klensi vurğulayıb ki, istifadəçilərin etimadının təmin olunması "LinkedIn"in əsas fəaliyyət prinsiplərindən biridir. Onun sözlərinə görə, platforma hesabların həqiqiliyinin yoxlanılmasına, məxfiliyin qorunmasına və qaydaları pozan məzmunun operativ şəkildə silinməsinə xüsusi önəm verir.
