Bakı.Trend:
"Gündə cəmi bir stəkan şəkərli qazlı içki qəbul edən insanların
telomerləri qısalır. Bu isə hüceyrələrin təxminən 4–5 il daha tez
qocalmasına bərabərdir və siqaretin telomerlərə mənfi təsiri ilə
müqayisə oluna bilər".
Bu fikirləri "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" verilişində
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin
Məmmədov səsləndirib.
Onun sözlərinə görə, şəkərin orqanizmə mənfi təsirinin ikinci
mexanizmi dəridə baş verir və qlikasiya adlanır: "Artıq şəkər qanda
zülallara, xüsusilə kollagen və elastinə bağlanaraq onları
sərtləşdirir. Nəticədə dərinin elastikliyi azalır, rəngi dəyişir və
dərin qırışlar yaranır. Maraqlıdır ki, meyvə şirələrində və bəzi
şirinləşdiricilərdə çox olan fruktoza bu prosesi adi şəkərdən
təxminən yeddi dəfə daha sürətləndirir. Beləliklə, şəkər həm
hüceyrələri daxildən, həm də dərini xaricdən qocaldır".
Mütəxəssis-ekspert bildirib ki, əlavə şəkər həm də orqanizmdə
iltihab proseslərini gücləndirir: "Artıq şəkər qanda iltihab
göstəricilərini, o cümlədən yüksək həssaslıqlı C-reaktiv zülalın
(hs-CRP) səviyyəsini artırır. Araşdırmalar göstərir ki, gündə 40
qramdan artıq əlavə şəkər qəbul edən insanlarda iltihab riski 50
faizdən çox yüksəlir. Burada əsas təhlükə meyvələrin tərkibindəki
təbii şəkər deyil. Meyvələri rahatlıqla yemək olar, lakin meyvə
şirələrinin həddindən artıq qəbulu məsləhət görülmür. Əsas
məhdudlaşdırılmalı olan əlavə şəkər və şəkərli içkilərdir".
Emin Məmmədov qeyd edib ki, kifayət qədər su qəbulunun da bioloji
qocalmanın ləngidilməsində mühüm rolu var. Onun sözlərinə görə,
uzun müddət kifayət qədər su qəbul etməmək orqanizmin daha sürətli
qocalmasına səbəb ola bilər.
Sonda mütəxəssis vurğulayıb ki, sağlam qocalmanın sirri mürəkkəb və
ya bahalı üsullarda deyil:
"Əlavə şəkərin azaldılması, vitaminlərin məqsədəuyğun qəbulu, gündəlik fiziki aktivlik və kifayət qədər su içilməsi hər kəsin həyatına tətbiq edə biləcəyi sadə vərdişlərdir. Məhz bu kiçik dəyişikliklər uzunmüddətli perspektivdə bioloji yaşımıza ən çox təsir göstərən amillərdən biridir. Gənc qalmağın sirri çox vaxt aptekdə deyil, gündəlik həyat tərzimizdə gizlənir".
