Azərbaycan ilə ÜGT arasında əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib - Şahin Bağırov

İqtisadiyyat Materials 13 İyul 2026 13:48 (UTC +04:00)
Azərbaycan ilə ÜGT arasında əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib - Şahin Bağırov
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı (ÜGT) arasında əməkdaşlıq qarşılıqlı etimad, ortaq məqsədlər və strateji baxış əsasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib, beynəlxalq standartlar isə Azərbaycan gömrük sisteminin gündəlik fəaliyyətinin ayrılmaz hissəsinə çevrilib.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Gömrük Komitəsində təşkil olunan tədbirdə deyib.

Ş.Bağırov bildirib ki, Azərbaycan Gömrük Xidməti ilə ÜGT arasında qurulan əməkdaşlıq təkcə mövcud əlaqələrin davam etdirilməsi ilə məhdudlaşmır, eyni zamanda müasir gömrük idarəçiliyinin inkişafına, rəqəmsal transformasiyaya, beynəlxalq ticarətin asanlaşdırılmasına və beynəlxalq standartların tətbiqinə xidmət edən gələcəyə yönəlmiş birgə fəaliyyət platformasıdır.

“Bu gün Azərbaycan Gömrük Xidməti ilə Ümumdünya Gömrük Təşkilatı arasında qarşılıqlı etimada, strateji baxışların uzlaşmasına və ortaq məqsədlər əsasında əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”, – deyə o vurğulayıb.

Komitə sədri qeyd edib ki, Azərbaycan ÜGT-nin strateji prioritetlərinə uyğun olaraq regional inteqrasiyanın gücləndirilməsinə, innovativ təşəbbüslərin həyata keçirilməsinə və qlobal gömrük idarəçiliyinin inkişafına töhfə verir.

Ş.Bağırov vurğulayıb ki, ÜGT tərəfindən müəyyən edilən beynəlxalq standartlar, metodoloji sənədlər və alətlər Azərbaycan gömrük sisteminin gündəlik fəaliyyətində geniş tətbiq olunur.

“Ümumdünya Gömrük Təşkilatının müəyyən etdiyi beynəlxalq standartlar və strateji baxış bu gün həyata keçirdiyimiz fəaliyyətimizdə istifadə olunur. Yenilənən bütün sənədlər üzərində böyük əmək sərf edilir və onlar Şura tərəfindən təsdiqləndikdən sonra üzv ölkələr üçün mühüm istiqamətverici sənədlərə çevrilir”, – deyə DGK sədri bildirib.

Onun sözlərinə görə, müxtəlif ölkələrin təcrübəsi əsasında hazırlanan bu standartlar ÜGT çərçivəsində təsdiqlənir və Azərbaycan onların ölkə daxilində tətbiqinə xüsusi önəm verir. O əlavə edib ki, innovativ həllərin tətbiqi və beynəlxalq standartlardan geniş istifadə gömrük sisteminin inkişafının əsas istiqamətlərindəndir.

Ş.Bağırov həmçinin bildirib ki, Azərbaycan gömrük əməkdaşları ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunması, sərhəd nəzarətinin təşkili və beynəlxalq ticarətin təhlükəsizliyinin qorunması istiqamətində mühüm missiya yerinə yetirirlər.

“Bu gün müxtəlif istiqamətlərdə fəaliyyət göstərən gömrük əməkdaşlarımız ölkəmizin iqtisadi təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq ticarətin təhlükəsizliyinin təmin olunması və gömrük işinin səmərəli şəkildə həyata keçirilməsi istiqamətində çalışan peşəkar kadrlardır”, – deyə o bildirib.

Komitə sədri qeyd edib ki, ölkə üzrə fəaliyyət göstərən minlərlə gömrük əməkdaşı Ümumdünya Gömrük Təşkilatının müəyyən etdiyi prinsiplər, standartlar və metodologiyalar əsasında çalışaraq dünya gömrük ailəsinin ayrılmaz hissəsini təşkil edir.

"Bizim üçün 2025–2030-cu illəri əhatə edən gömrük xidmətlərinin strateji planının həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Gündəlik fəaliyyətimizdə istifadə etdiyimiz müasir alətləri və texnologiyaları nümayiş etdirmək istəyirik. Gömrük əməkdaşlarımız qabaqcıl texnologiyalardan istifadə etməklə ən yüksək nəticələrin əldə olunmasına çalışırlar", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti