Dieqo Forlan Uruqvay yığmasının yeni baş məşçisi olacaq

İdman Materials 13 İyul 2026 03:23 (UTC +04:00)
Dieqo Forlan Uruqvay yığmasının yeni baş məşçisi olacaq

Bakı. Trend:

Uruqvay Futbol Assosiasiyasının prezidenti İqnasio Alonso Uruqvay millisinin keçmiş hücumçusu Dieqo Forlanın 2027-ci ilin mart ayına qədər müvəqqəti olaraq milli komandaya baş məşqçilik edəcəyini açıqlayıb.

Forlan eyni zamanda gənclərdən ibarət yığmanın da baş məşqçisi olacaq. Milli komandanın daimi baş məşqçisinin kim olacağına bu il federasiyada keçiriləcək seçkilərdən sonra qərar veriləcək.

“İcraiyyə Komitəsi seçimini Dieqonun üzərində saxladı. Biz onu layihəyə cəlb etmək üçün hələ 2022-ci ildə onunla görüşmüşdük. O, işləmək üçün çox həvəslidir”, – deyə Alonso bildirib.

Beləliklə, Forlan payızda keçiriləcək oyunlarda Uruqvay millisinin başında olacaq, gənclərdən ibarət U-20 yığması ilə isə 2027-ci ilin yanvarında keçiriləcək Amerika Kubokunda iştirak edəcək.

Dieqo Forlan futbolçu karyerası ərzində "Vilyarreal", "Mançester Yunayted", "Atletiko Madrid", "İnter" kimi məşhur klubların şərəfini qoruyub, 2002-2014-cü illərdə Uruqvay millisinin heyətində 112 oyunda meydana çıxaraq 36 qol vurub. O, 2010-cu il dünya çempionatının ən yaxşı futbolçusu seçilib və Avropa çempionatlarının ən məhsuldar bombardiri kimi iki dəfə “Qızıl buts” mükafatına layiq görülüb. Futbolçu karyerasını başa vurduqdan sonra Forlan “Penyarol” da daxil olmaqla bir neçə klubda baş məşqçi kimi çalışıb.

Xəbər lenti

Xəbər lenti