Bakı.Trend:
İstanbulun Eyüpsultan rayonunda eyni gündə biri Azərbaycan əsilli Türkiyə vətəndaşı olmaqla iki nəfər iri həcmlik dələduzluq planının qurbanına çevrilib. Cinayətkarlar özlərini hüquq mühafizə orqanları əməkdaşı kimi təqdim edərək "Adınız FETÖ istintaqında keçir. Evdəki qızılları yoxlayacağıq" bəhanəsi ilə zərərçəkənləri aldadaraq ümumilikdə 3 milyon lirə dəyərində qızıl-zinət əşyalarını mənimsəyiblər. Bu dələduzluq sxemi ilə əlaqədar İstanbul və Şanlıurfada 5 şübhəli saxlanılıb.
Bu barədə NTV telekanalı məlumat yayıb.
Şanlıurfadan İstanbula gələrək orada ev kirayələyən şübhəlilərin qaldığı ünvandan oğurlanmış qızılların bir hissəsi də aşkar edilərək götürülüb. Məhkəməyə çıxarılan şübhəlilərdən dördü barəsində həbs qətimkan tədbiri seçilib.
Eyüpsultan rayonunda iyulun 1-də fəaliyyət göstərən şirniyyat mağazasının müdiri olan, Azərbaycan əsilli Türkiyə vətəndaşı H.H. (45) polis əməkdaşı kimi özünü təqdim edən şəxslərə inanaraq 1,5 milyon lirə dəyərində qızıl zinət əşyalarını öz əli ilə onlara təhvil verib. Lakin sonradan dələduzluq qurbanı olduğundan şübhələnərək hüquq-mühafizə orqanlarına müraciət edib.
Polis təhlükəsizlik kameralarının görüntülərini araşdırıb
Dələduzluqla Mübarizə Bürosunun əməkdaşları görüş anlarını əks etdirən təhlükəsizlik kameralarının görüntülərini araşdıraraq müəyyən ediblər ki, şübhəli qızılları aldıqdan sonra onu gözləyən avtomobilə minərək hadisə yerindən uzaqlaşıb.
Avtomobilin dövlət qeydiyyat nişanını izləyən polis Küçükçekmecedə keçirdiyi əməliyyat zamanı avtomobildə olan 3 şübhəlini saxlayıb. Avtomobilə baxış zamanı 142 ədəd saxta 100 avroluq əskinas və oğurlanmış qızılların bir hissəsi aşkar edilərək götürülüb.
