Bakı.Trend:
Kütləvi informasiya vasitələri həmrəylik səslərini gücləndirə bilər.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu Bakıda keçirilən "Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər" mövzusunda beynəlxalq konfrans çərçivəsində jurnalistlərə Beynəlxalq Siqh Federasiyasının sədri Moninder Sinqh deyib.
"Müasir dünyada kütləvi informasiya vasitələri həm müsbət, həm də son dərəcə mənfi rol oynaya bilər. KİV bütöv narrativlər formalaşdırmaq gücünə malikdir və bu narrativlər xalqların və milli azlıqların demonizasiyasına, daha sonra isə dövlət strukturları tərəfindən onlara qarşı zorakılığa gətirib çıxara bilər", – deyə o bildirib.
M.Sinqh qeyd edib ki, KİV həmçinin həmrəylik səslərini gücləndirə, öz müqəddəratını təyinetmə hüququ uğrunda mübarizə aparanların səsinin eşidilməsinə və tanınmasına kömək edə bilər.
"Dekolonizasiya məsələlərinə həsr olunmuş və Bakıda keçirilən beynəlxalq konfrans bu gün də kolonializmin nəticələrini yaşayan müxtəlif icmaların vəziyyətinin müzakirəsi üçün çox mühüm platformadır. Bu xalqlar öz müqəddəratını təyinetmə hüququnu həyata keçirməklə azadlığa can atırlar. Bu gün burada iştirak edən siqh xalqının nümayəndələri üçün də bu konfrans böyük əhəmiyyət daşıyır. Biz həm forumun özünü, həm də burada müxtəlif xalqlar arasında formalaşan həmrəylik mühitini yüksək qiymətləndiririk", – deyə o vurğulayıb.
Qeyd edək ki, bu konfrans Azərbaycanda ilk dəfə olaraq müstəmləkə ərazilərinin media nümayəndələrinin iştirakı ilə təşkil edilən belə bir platforma olub.
Tədbirdə keçmiş və hazırkı müstəmləkə ərazilərinin media qurumlarının rəhbərləri və nümayəndələri, jurnalistlər, siyasi şərhçilər, diaspor təşkilatlarının nümayəndələri, media və kommunikasiya sahəsində ekspertlər, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, tədqiqatçılar, diplomatlar, dövlət qurumlarının nümayəndələri, eləcə də yerli KİV təmsilçiləri iştirak ediblər.
Konfrans çərçivəsində iştirakçılar neokolonial istismara məruz qalan və müstəmləkə asılılığı şəraitində yaşayan xalqların və etnik azlıqların səsinin beynəlxalq informasiya məkanında daha güclü eşidilməsi məsələsində kütləvi informasiya vasitələrinin rolu və onların qarşısında duran çağırışları müzakirə ediblər.
