Bakı. Trend:
Keniyalı atlet Emmanuel Vanyonyi Monakoda keçirilən Brilyant Liqasının yüngül atletika mərhələsi çərçivəsində 1000 metr məsafəyə qaçış üzrə dünya rekordunu yeniləyib.
21 yaşlı idmançı məsafəni 2 dəqiqə 11,83 saniyəyə qət edib. Bununla Vanyonyi həmyerlisi Noy Ngeniyə məxsus və 27 il qüvvədə qalan əvvəlki dünya rekordunu 0,13 saniyə yaxşılaşdırıb.
Emmanuel Vanyonyi 800 metr məsafəyə qaçış üzrə Paris-2024 Olimpiya oyunlarının və 2025-ci il Dünya çempionatının qalibidir.
Qeyd edək ki, 1000 metr məsafəyə qaçış olimpiya növü hesab edilmir və yay dünya, eləcə də Avropa çempionatlarının rəsmi proqramına daxil edilmir.