Bakı. Trend:
İsrail Vaşinqtonun dəstək üçün müraciət edəcəyi təqdirdə ABŞ-nin İrana qarşı yeni zərbələrinə qoşulmağa hazırdır.
Bu barədə "New York Post" (NYP) İsrail hakimiyyətinin mövqeyindən xəbərdar olan mənbələrə istinadən məlumat yayıb.
"Biz ABŞ ilə çiyin-çiyinə dayandığımızı sübut etdik. İsrailin bu prosesdə iştirakı ABŞ üçün nə dərəcədə faydalı olacaq, buna əmin deyiləm. Lakin biz gücümüzü nümayiş etdirməli olduğumuzu anlayırıq", – deyə nəşrin həmsöhbəti bildirib.
Mənbə əlavə edib ki, zərurət yaranacağı təqdirdə İsrail ABŞ-yə yenidən dəstək verməyə hazırdır.
Onun sözlərinə görə, İslam Respublikası ilə danışıqların davam etdirilməsi "vaxt itkisi"dir.
Qeyd edək ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə aldı. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.
