Azərbaycanda toxumçuluq sahəsi üzrə yeni qanun qəbul ediləcək

Cəmiyyət Materials 10 İyul 2026 12:27 (UTC +04:00)
Azərbaycanda toxumçuluq sahəsi üzrə yeni qanun qəbul ediləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda “Toxumçuluq haqqında” yeni qanun layihəsi hazırlanıb.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Bildirilib ki, qanun layihəsi Azərbaycanda toxumun istehsalı, emalı, tədarükü, saxlanması, daşınması, ticarət dövriyyəsi, idxalı və ixracı, sertifikatlaşdırılması, eləcə də keyfiyyətinə dövlət nəzarəti ilə bağlı münasibətləri vahid hüquqi çərçivədə tənzimləməyi nəzərdə tutur. Layihə bu sahədə fəaliyyət göstərən subyektlərin və dövlət orqanlarının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

Sənəddə toxumçuluq sahəsində yeni elektron reyestrin yaradılması, toxum əməliyyatçılarının qeydiyyatının rəqəmsal qaydada aparılması, seleksiya nailiyyətləri, toxumluq əkinlər və bağlanmış müqavilələr barədə məlumatların vahid informasiya sistemində toplanması nəzərdə tutulur. Layihədə həmçinin orijinal, elit və sertifikatlı toxumların dövriyyəsi, laboratoriya müayinələri, tarla nəzarəti və sertifikatlaşdırma prosedurları ətraflı tənzimlənir.

Qanun layihəsinə əsasən, dövlət toxumçuluq qurumunun səlahiyyətləri geniş müəyyən edilir. Bu qurum toxumçuluq sahəsində dövlət nəzarətini həyata keçirəcək, normativ tələblərə uyğun olmayan və zəruri sənədləri olmayan toxumların toxumluq əkin məqsədilə satışını qadağan edə, qanun pozuntularına görə müvafiq tədbirlər görə biləcək. Layihədə toxumların qablaşdırılması, etiketlənməsi, saxlanması, daşınması, idxal və ixracı ilə bağlı tələblər də ayrıca əksini tapıb.

Sənədə əsasən, yeni qanun qüvvəyə mindikdən sonra 1997-ci ildə qəbul edilmiş “Toxumçuluq haqqında” qanun ləğv ediləcək. Bununla yanaşı, yeni qanun qüvvəyə minənədək toxum istehsalçılarına verilmiş fəaliyyət şəhadətnamələri həmin sənədlərdə göstərilən müddət başa çatanadək hüquqi qüvvəsini saxlayacaq.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti