Bakı. Trend:
Azərbaycanda bank olmayan kredit təşkilatları (BOKT) tərəfindən yalnız İstisna, Murabaha və İjara məhsullarının təqdim edilməsi nəzərdə tutulur.
Bunu Trend-ə müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə deyib.
Baş direktor Azərbaycan Mərkəzi Bankının islam maliyyəsinin inkişafı istiqamətində həyata keçirdiyi normativ-hüquqi və institusional tədbirlərlə bağlı fikirlərini bölüşüb. Bununla yanaşı, 2026-cı ildən islam bankçılığı məhsullarının tətbiqinə başlanılması ilə bağlı hazırlıq işlərinin hansı mərhələdə olması və ilk mərhələdə hansı məhsulların bazara çıxarılmasından da bəhs edib.
"İslam bankçılığının tətbiqi məqsədilə Mülki Məcəlləyə, Vergi Məcəlləsinə, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Dövlət rüsumu haqqında”, “Kredit Büroları haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər layihəsi hazırlanmış və aidiyyəti dövlət qurumlarına təqdim edilib.
Dəyişikliklər layihəsi beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış və yerli qanunvericiliyə uyğunlaşdırılmışdır. Məqsəd beynəlxalq standartları yerli hüquqi mühitlə uzlaşdırılmış və dayanıqlı şəkildə tətbiq etməkdir. Yaxın perspektivdə islam bankçılığının tətbiqi “islam pəncərələri” modeli çərçivəsində nəzərdə tutulur.
Qeyd edək ki, islam bankçılığına dair qanunvericilik aktlarına dəyişikliklər qüvvəyə mindikdən sonra “islam pəncərəsi” modeli çərçivəsində banklar tərəfindən aşağıdakı məhsulların təqdim edilməsi nəzərdə tutulur:
İstehsal və ya tikinti üçün sifariş əsaslı müqavilə növü — İstisna;
Satış əsaslı, yəni alqı-satqı maliyyələşməsi növü — Murabaha;
İcarə əsaslı maliyyələşmə növü — İjara. Bu məhsul ənənəvi bankçılıq fəaliyyətində maliyyə lizinqinin analoqu hesab olunur;
Bankla müştəri arasında mənfəət və zərərin bölüşdürülməsinə əsaslanan maliyyələşmə və əmanət növü — Mudaraba;
Tələbli depozitə bənzər əmanət əsaslı məhsul — Vadiə.
Bank olmayan kredit təşkilatları tərəfindən isə yalnız İstisna, Murabaha və İjara məhsullarının təqdim edilməsi nəzərdə tutulur.
Eyni zamanda hazırda Mərkəzi Bankın nəzarəti altında Xüsusi Tənzimləmə Rejimi çərçivəsində iki kommersiya bankı islam maliyyə məhsullarını sınaqdan keçirir. Azərbaycan Beynəlxalq Bankı ASC rəsmi hüquqi reyestrlərdə qeydə alınmış daşınar və daşınmaz əmlakın maliyyələşdirilməsi üçün Murabaha məhsulunu, Rabitəbank ASC isə həm Mudaraba, həm də Murabaha məhsullarını sınaqdan keçirir. Məhsulların sınaq müddəti 2 fevral 2027-ci il tarixinədəkdir", - deyə baş direktor bildirib.
