Əlcəzair və Mali münasibətlərin normallaşdırılmasına başlayır

Dünya xəbərləri Materials 11 İyul 2026 04:30 (UTC +04:00)
Əlcəzair və Mali münasibətlərin normallaşdırılmasına başlayır

Bakı. Trend:

On beş aylıq diplomatik gərginlikdən sonra Əlcəzair və Mali münasibətlərin yumşalmasına doğru addım atır.

Hər iki ölkə iyulun 10-da hava məkanlarını qarşılıqlı şəkildə yenidən açdıqlarını və səfirlərinin təyinat ölkələrinə qayıdacaqlarını elan edib.

Mali hökuməti Əlcəzairdən gələn və ya bu ölkəyə istiqamətlənən bütün mülki və hərbi təyyarələr üçün ölkənin hava məkanının yenidən açıldığını bəyan edib. Hökumət, həmçinin, 2025-ci ilin aprelində geri çağırılmış səfirinin Əlcəzairə qayıdacağını açıqlayıb.

Bundan bir neçə saat əvvəl Əlcəzair də qonşusunun hava məkanı ilə bağlı eyni qərarı qəbul etdiyini açıqlayıb. Əlcəzair Müdafiə Nazirliyinin məlumatına görə, qərar iyulun 10-dan qüvvəyə minib və Malidən gələn və ya bu ölkəyə gedən bütün beynəlxalq uçuşları əhatə edir. Mali kimi, Əlcəzair də öz səfirinin bu ölkəyə qayıdacağını bəyan edib.

Xatırladaq ki, İki qonşu ölkə arasında münasibətlər son illərdə, xüsusilə 2020 və 2021-ci illərdə Malidə baş vermiş iki dövlət çevrilişindən sonra hakimiyyətə gələn hərbi xuntanın Əlcəzairi ölkənin daxili işlərinə qarışmaqda ittiham etməsindən sonra ciddi şəkildə pisləşmiş və 2025-ci ilin yazında ortaq sərhəd yaxınlığında Maliyə məxsus hərbi pilotsuz uçuş aparatının vurulmasından sonra daha da dərinləşmişdi. Əlcəzair dronun onun hava məkanını pozduğunu iddia etmiş, Mali isə aparatın öz ərazisində olduğunu bildirmişdi.

Bu insident diplomatik böhrana səbəb olmuş, tərəflər səfirlərini geri çağırmış, qarşılıqlı olaraq hava məkanlarını bağlamışdı.

Bütün bu fikir ayrılıqlarına baxmayaraq, iki ölkəni ortaq sərhəd və ümumi təhlükəsizlik maraqları, xüsusilə də Sahel bölgəsində fəaliyyət göstərən cihadçı qruplara qarşı mübarizə birləşdirməyə davam edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti