Torpaqların birləşdirilməsində vərəsəlik məsələləri də nəzərə alınmalıdır – Millət vəkili

Cəmiyyət Materials 10 İyul 2026 13:40 (UTC +04:00)
Torpaqların birləşdirilməsində vərəsəlik məsələləri də nəzərə alınmalıdır – Millət vəkili
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Torpaqların birləşdirilməsi həyata keçiriləcəyi təqdirdə gələcəkdə vərəsəlik məsələləri də nəzərə alınmalıdır. Çünki torpaq sahibinin bir neçə varisi olduqda, əmlakın onlar arasında hansı qaydada bölüşdürüləcəyi mülki hüquqda öz əksini tapmalıdır.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bugünkü iclasında Torpaq Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, qanun qəbul edildikdən sonra torpaqların birləşdirilməsi həyata keçirilərsə, gələcəkdə vərəsəlik məsələlərinin hüquqi baxımdan tənzimlənməsi vacib olacaq.

"Sabah həmin torpaq sahibinin bir neçə varisi ola bilər və nəticə etibarilə valideyndən sonra həmin əmlakın onlar arasında hansı qaydada bölüşdürüləcəyi mülki hüquqda öz əksini tapmalıdır", - deyə o vurğulayıb.

S.Novruzov qeyd edib ki, digər mühüm məsələ bu sahədə ətraflı nizamnamənin hazırlanmasıdır. Onun sözlərinə görə, mütləq şəkildə geniş və əhatəli nizamnamə hazırlanmalıdır.

Deputat bildirib ki, inkişaf etmiş ölkələrin, o cümlədən Almaniyanın və digər dövlətlərin bu sahədəki təcrübəsi öyrənilməli və tətbiq edilməlidir.

"Orada bu prosesin necə təşkil olunduğu, necə davamlı şəkildə həyata keçirildiyi nəzərə alınmalıdır", - deyə komitə sədri əlavə edib.

S.Novruzov vurğulayıb ki, torpaqların birləşdirilməsi ideyası dəstəklənir və bunun nəticəsində həm ərzaq bolluğuna, həm də ərzaq təhlükəsizliyinin təmin olunmasına nail olmaq mümkündür. Bununla yanaşı, bütün məsələlərin kifayət qədər detallı şəkildə tənzimlənməsinin vacibliyini qeyd edib.

Deputat xatırladıb ki, vaxtilə torpaq islahatının birinci mərhələsi Azərbaycanda uğurla həyata keçirilib. O bildirib ki, hazırda da kənd təsərrüfatı sahəsinə, fermerlərə və sahibkarlara dövlət dəstəyi göstərilir, müxtəlif ölkələrdən cins mal-qara gətirilərək güzəştli qiymətlərlə kəndlilərə verilir, toxumçuluğun inkişafına dəstək göstərilir və digər istiqamətlər üzrə tədbirlər həyata keçirilir.

S.Novruzov hesab edir ki, bütün bu tədbirlər vahid nizamnamə şəklində formalaşdırılmalıdır.

"Yəqin ki, ikinci və üçüncü oxunuşadək bu təkliflər də qanun layihəsinə əlavə olunsa, daha məqsədəuyğun olar", - deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti