Bakı. Trend:
"Abşeron" qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə indiyədək təqribən 4,8 milyard kubmetr qaz və 1,8 milyon tona yaxın kondensat hasil edilib.
Bu barədə Energetika Nazirliyi məlumat yayıb.
"Abşeron" qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə hasilata başlanmasından 3 il ötür.
"Abşeron" qaz və kondensat yatağı Xəzər dənizində, sahildən 100km cənub-şərqdə yerləşir. Birgə Müəssisəyə TotalEnergies EP Abşeron B.V (TEPAB) (35%), SOCAR Abşeron (35%) və ADNOC XRG (30%) daxildir. İlk işlənmə mərhələsi üzrə hasilat 2023-cü ilin iyulunda başlayıb. Birinci mərhələdə sualtı hasilat quyusu SOCAR-ın Neft Daşlarındakı mövcud qurğularına birləşdirilmiş yeni qaz emal platformasına qoşulub. Gündəlik hasilat gücü 4 milyon kub metr qaz və 13 000 barel kondensatdır. Qaz Azərbaycanın yerli bazarında satılır.
1-ci mərhələdən sonra partnyorlar, 2025-ci ilin əvvəllərində start verilmiş İlkin texniki layihələndirmə (İTL) ilə Abşeron yatağının tammiqyaslı işlənməsini davam etdirmək barədə qərar qəbul ediblər. Yekun Sərmayə Qərarının (YSQ) 2026-cı il ərzində qəbul olunması qarşıya məqsəd qoyulub. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağı üzrə tam işlənmə layihəsi çərçivəsində ilk təbii qazın hasilatına 2029-cu il sentyabrın 1-də başlanılması planlaşdırılır. Layihənin istismar müddətinin təxminən 30 il olacağı nəzərdə tutulur. Yatağın Tammiqyaslı İşlənməsi mərhələsi ilə maksimum hasilat dövründə 110 min bne/gün əlavə hasilatın təmin ediləcəyi gözlənilir. İşlənmə konsepsiyasına qaz və mayelərin emalı və ixracı məqsədilə 140km-lik çoxfazalı sualtı boru kəməri ilə Səngəçal ərazisində quruda inşa edilən yeni qurğulara qoşulan üç dərinsulu quyu vasitəsilə əhəmiyyətli sualtı işlənmə mərhələsi daxildir. Maksimum hasilat dövründə, 2-ci mərhələdə gündəlik qaz hasilatı 12,7 milyon kub metr (ildə 4,5 milyard kub metr) təşkil edəcək və 1-ci mərhələ üzrə hasilatdan əlavə, ilk dövrdə gündə 35 000 barel kondensat hasil ediləcək.
