Bakı. Trend:
Əmlak üzərinə həbs qoyulması ilə bağlı yeni qayda təsdiqlənib.
Bu, Prezident İlham ƏliyevinCinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanunlarına dəyişiklikləri təsdiqləməsi ilə mümkün olub. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Belə ki, cinayət mühakimə icraatı çərçivəsində əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı məhkəmə nəzarəti qaydasında mübahisələndiriləcək.
Dəyişikliyə əsasən, təqsirləndirilən şəxs olmayan, lakin əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxslərin, cinayət prosesində iştirak edən digər şəxslər kateqoriyasına daxil edilməsi, həmin şəxslərin qanuni mənafeyinə toxunulan şəxs qismində cinayət prosesinə cəlb edilməsi, cinayət prosesində iştirak edən şəxslər kimi apelyasiya, kassasiya, əlavə kassasiya şikayəti vermək hüquqları və qaydalarını tənzim edir.
Təqsirləndirilən şəxs olmayan, lakin əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan fiziki şəxs məlum olan sonuncu yaşayış yeri, hüquqi şəxs isə yerləşdiyi ünvan üzrə cinayət prosesini həyata keçirən orqan tərəfindən bildiriş göndərilməklə məlumatlandırılırlar. Cinayət prosesini həyata keçirən orqan yuxarıda göstərilən şəxsin müraciətinə əsasən 3 (üç) gündən gec olmayaraq onun əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs qismində cinayət prosesinə cəlb edilməsi barədə qərar qəbul edir.
Digər dəyişiklik isə cinayət mühakimə icraatı çərçivəsində əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarının mülki mühakimə icraatı çərçivəsində deyil, məhkəmə nəzarəti qaydasında mübahisələndirilməsinin nəzərdə tutulmasıdır.
Belə ki, mülki mühakimə icraatından fərqli olaraq məhkəmə nəzarəti qaydasında materiallara baxılması və işin həll edilməsi zaman baxımından daha çevik və operativ baş verir. Üstəlik daha sonra məhkəmə qərarının preyudisial əhəmiyyətinin hansı həddə olması kimi mübahisənin yaranmasının da qarşısı alınmış olur.
