Bakı. Trend:
Milli Məclis “Azərbaycan Respublikası ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə”ni ratifikasiya edib.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, Azərbaycan Respublikası ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə 2026-cı il 25 aprel tarixində Qəbələ şəhərində imzalanıb.
Müqavilənin məqsədi iki dövlət arasında mülki və ticarət işləri üzrə hüquqi yardımın göstərilməsi, məhkəmə və digər səlahiyyətli orqanlar arasında əməkdaşlığın genişləndirilməsi, fiziki və hüquqi şəxslərin hüquqlarının müdafiəsinin təmin edilməsi, habelə məhkəmə qərarlarının qarşılıqlı tanınması və icrasının hüquqi əsaslarının müəyyən edilməsidir.
Müqaviləyə əsasən, tərəflərin vətəndaşları və qanunvericiliyə uyğun yaradılmış hüquqi şəxsləri digər tərəfin ərazisində bərabər hüquqi müdafiədən istifadə edir, məhkəmə və digər səlahiyyətli orqanlara eyni şərtlərlə müraciət etmək hüququna malik olurlar. Sənəddə məhkəmə sənədlərinin təqdim edilməsi, sübutların toplanması, şahid ifadələrinin alınması, hüquqi məlumat mübadiləsi və hüquqi yardımın göstərilməsi qaydaları müəyyən edilmişdir.
Müqavilə ilə Azərbaycan Respublikası və Ukraynanın Ədliyyə nazirlikləri mərkəzi orqanlar kimi müəyyən edilir. Eyni zamanda mülki və ticarət işləri üzrə məhkəmə qərarlarının qarşılıqlı tanınması və icrası, bununla bağlı müraciət qaydası və tanınma və icradan imtina əsasları ətraflı tənzimlənir. Bundan başqa, vətəndaşlıq vəziyyəti aktlarına dair şəhadətnamələrin və digər rəsmi sənədlərin təqdim edilməsi, habelə hüquqi məlumat mübadiləsi mexanizmləri müəyyən olunur.
Müqavilə qeyri-müəyyən müddətə bağlanır və ratifikasiya sənədlərinin mübadiləsindən sonra otuzuncu gün qüvvəyə minir.
Müqavilənin ratifikasiyası Azərbaycan Respublikası ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlığın genişləndirilməsinə, hüquqi yardımın operativ və səmərəli həyata keçirilməsinə, məhkəmə qərarlarının qarşılıqlı tanınması və icrası mexanizmlərinin təkmilləşdirilməsinə, habelə vətəndaşların və hüquqi şəxslərin hüquqlarının daha etibarlı müdafiəsinə xidmət edəcəkdir.
“Azərbaycan Respublikası ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
