Bakı.Trend:
Ukraynanın “Patriot” zenit-raket kompleksləri üçün öz raket-tutucularını istehsal etməyə başlaması illər tələb edəcək.
Bu barədə "Bloomberg" agentliyi yazıb.
Agentliyin müdafiə məsələləri üzrə rəhbəri Bekka Vasser bildirib ki, “Patriot” raketinin hazırlanması illərlə vaxt aparır və bu səbəbdən Ukraynada onların istehsalının yaxın perspektivdə qurulacağı gözlənilmir.
Onun sözlərinə görə, istehsalın mürəkkəbliyi raketin növündən də asılıdır. Təxminən, 5 milyon dollar dəyərində olan və ballistik raketləri vurmaq qabiliyyətinə malik PAC-3 raket-tutucuları hazırda yalnız ABŞ və Yaponiyada istehsal olunur.
Agentlik qeyd edir ki, mövcud istehsal üzrə təchizat zəncirləri artıq həddindən artıq yüklənib. Bundan əlavə, yeni istehsal xəttinin yaradılması xüsusi avadanlıq və ixtisaslı kadr hazırlığı tələb etdiyindən layihənin həyata keçirilməsi müddəti daha da uzanacaq.
