Bakı.Trend:
Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində, Dənizkənarı yolun kənarında qazılmış kanalizasiya quyusuna daha bir avtomobil düşüb. Bir neçə gün əvvəl də analoji hadisənin qeydə alındığı həmin ərazidə bu dəfə gecə saatlarında baş verən qəza nəticəsində “Toyota Aqua” markalı minik avtomobili quyuya düşüb.
Məsələ ilə əlaqədar nəqliyyat eksperti Elməddin Muradlı Trend-ə açıqlamasında bildirib ki, eyni ərazidə qısa müddət ərzində iki yol-nəqliyyat hadisəsinin baş verməsi həmin yolda ciddi təhlükəsizlik probleminin olduğunu göstərir.
“Əgər eyni yerdə artıq iki hadisə baş veribsə, bu, həmin ərazidə ciddi problemin mövcudluğundan xəbər verir. Yol hərəkətinin təhlükəsizliyinə cavabdeh olan bütün qurumlar – istər yolu qazan, istər tikinti işləri aparan, istərsə də körpü və ya tunel inşa edən təşkilatlar – bu məsələdə məsuliyyət daşıyırlar. Çünki onların əsas vəzifəsi yolun və hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməkdir. Təəssüf ki, heç bir qurum digərinin nöqsanına vaxtında reaksiya vermir. Elə təəssürat yaranır ki, sanki bir-birlərindən çəkinirlər və ya hansısa faciənin baş verməsini gözləyirlər. Bizdə çox vaxt yalnız ölüm və ya ağır nəticəli hadisədən sonra problem aradan qaldırılır. Ümid edirəm ki, bu yanaşma dəyişəcək, lakin indiki vəziyyət bunun əksini göstərir. Bu qədər məsuliyyətsizlik yolverilməzdir".
Ekspert bildirib ki, belə hallarda zərərçəkmiş sürücülər hüquqi mübarizə aparmaqdan çəkinməməlidirlər.
“Mən hesab edirəm ki, zərərçəkmiş sürücülər dəymiş ziyanı rəsmi qaydada sənədləşdirməli, peşəkar vəkil cəlb etməli və məsul qurumlara qarşı məhkəmə iddiası qaldırmalıdırlar. Qanunvericilik çərçivəsində həm maddi ziyanın, həm də digər hüquqi tələblərin irəli sürülməsi mümkündür. Əgər vətəndaşlar öz hüquqlarını tələb etməsələr, bu sahədə ciddi dəyişikliklərin baş verəcəyinə inanmaq çətindir. Məsuliyyətsizliyə yol verən qurumlara qarşı sərt hüquqi tədbirlər görülməli, eyni zamanda bu cür hallar ictimailəşdirilməlidir ki, aidiyyəti qurumlar öz öhdəliklərinə daha məsuliyyətlə yanaşsınlar”.
Nəqliyyat eksperti Eldəniz Cəfərli açıqlamasında bildirib ki, ilk növbədə belə halların ümumiyyətlə baş verməməsi üçün açıq kanalizasiya quyularının saxlanılmasına yol verilməməlidir: "Hər hansı səbəbdən quyu müvəqqəti olaraq açıq qalırsa, mütləq şəkildə üzəri təhlükəsiz formada bağlanmalı, bu mümkün olmadıqda isə ərazi tam şəkildə çəpərlənməli, gecə saatlarında işıqlandırılmalı və sürücülərlə piyadaları xəbərdar edən müvafiq nişanlar quraşdırılmalıdır",-deyə ekspert deyib.
O qeyd edib ki, Pirşağı ərazisində iki avtomobilin eyni kanalizasiya quyusuna düşməsi məsuliyyətsizliyin və təhlükəsizlik qaydalarına ciddi əməl olunmamasının göstəricisidir. Onun fikrincə, əgər müvafiq dövlət qurumları və ya podratçı təşkilatlar ərazidə qazıntı və ya tikinti işləri aparırlarsa, bu barədə əvvəlcədən kütləvi informasiya vasitələri və digər kommunikasiya kanalları vasitəsilə vətəndaşlara məlumat verilməlidir: "Bundan əlavə, zərurət yarandıqda tikinti işlərinin aparıldığı ərazidə şirkətin növbəli məsul əməkdaşı da olmalı, təhlükəsizlik tədbirlərinə nəzarət etməli və hər hansı riskin qarşısını operativ şəkildə almalıdır",-deyə E.Cəfərli əlavə edib.
