“Toxumçuluq haqqında” qanun layihəsi strateji əhəmiyyət daşıyan sənəddir - Vüqar İskəndərov

Cəmiyyət Materials 10 İyul 2026 12:33 (UTC +04:00)
“Toxumçuluq haqqında” qanun layihəsi strateji əhəmiyyət daşıyan sənəddir - Vüqar İskəndərov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Toxumçuluq haqqında” yeni qanun layihəsi aqrar sahənin inkişafına xidmət edən, müasir çağırışlara cavab verən və strateji əhəmiyyət daşıyan mütərəqqi sənəddir. Güclü kənd təsərrüfatı güclü toxumdan, güclü toxum isə güclü qanunvericilikdən başlayır.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, deputat Vüqar İskəndərov parlamentin bugünkü iclasında “Toxumçuluq haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, hazırda dünyada ərzaq təhlükəsizliyi artıq təkcə kənd təsərrüfatı deyil, eyni zamanda milli təhlükəsizlik məsələsinə çevrilib. Onun sözlərinə görə, qlobal iqlim dəyişiklikləri, beynəlxalq bazarlarda baş verən proseslər və ərzaq təminatı ilə bağlı çağırışlar göstərir ki, keyfiyyətli toxum fonduna malik olmaq dövlətlərin strateji üstünlüklərindən biridir.

V.İskəndərov qeyd edib ki, qanun layihəsində toxumçuluq sahəsində dövlət tənzimlənməsinin təkmilləşdirilməsi, sertifikatlaşdırma sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, elektron qeydiyyat mexanizmlərinin tətbiqi və sağlam rəqabət mühitinin formalaşdırılması kimi mühüm yeniliklər əksini tapıb.

Onun sözlərinə görə, bu yanaşma fermerlərin fəaliyyətini asanlaşdıracaq, yerli toxumçuluğun inkişafına, məhsuldarlığın artırılmasına və idxaldan asılılığın azaldılmasına mühüm töhfə verəcək.

Deputat vurğulayıb ki, qanun layihəsi müzakirə olunarkən regionların potensialı da xüsusi nəzərə alınmalıdır.

"Mənim təmsil etdiyim Şəki ölkəmizin ən böyük taxılçılıq bölgəsidir. Şəkidə çalışan hər bir fermer yaxşı bilir ki, bol məhsulun əsası torpağa səpilən keyfiyyətli toxumdan başlayır", - deyə o bildirib.

V.İskəndərov qeyd edib ki, məhz buna görə də bu qanun təkcə hüquqi sənəd deyil, həm də gələcək məhsuldarlığa, ərzaq təhlükəsizliyinə və kənd insanının rifahına qoyulan mühüm investisiyadır.

Deputat əlavə edib ki, qanun layihəsinin özəl sektorun bu sahəyə daha fəal cəlb olunmasını təşviq etməsi, rəqabət mühitini gücləndirməsi və yerli toxum istehsalının genişlənməsinə şərait yaratması xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, bu, həm ölkədən valyuta axınının qarşısını alacaq, həm də gələcəkdə Azərbaycanın toxum ixracı potensialının formalaşmasına xidmət edəcək.

"Əminəm ki, bu qanunun qəbulu aqrar sahədə həyata keçirilən islahatların daha da dərinləşməsinə və kənd təsərrüfatının dayanıqlı inkişafına mühüm töhfə verəcək. Güclü kənd təsərrüfatı güclü toxumdan başlayır. Güclü toxum isə güclü qanunvericilik tələb edir. Bu gün müzakirə etdiyimiz qanun məhz bu məqsədə xidmət edən müasir və mütərəqqi qanundur", - deyə deputat bildirib.

Sonda V.İskəndərov qanun layihəsini dəstəklədiyini bildirərək deputatları da sənədin lehinə səs verməyə çağırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti