Bakı.Trend:
2026-cı il iyulun 1-nə olan vəziyyətə görə Azərbaycanın xarici dövlət borcu 4,617 milyard ABŞ dolları təşkil edib.
Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin dərc etdiyi "2026-cı ilin yanvar–iyun aylarında ölkənin sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri" hesabatında bildirilir.
Hesabata əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz azdır.
Bununla yanaşı qeyd olunur ki, 2026-cı il iyulun 1-nə ölkənin strateji valyuta ehtiyatları 85,769 milyard ABŞ dollarına çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz çoxdur.
Qeyd edək ki, Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə baş iqtisadçısı Val Mansur "İqtisadi artımın və iqtisadiyyatın şaxələndirilməsinin təşviqi üçün turizm potensialının açılması" adlı tədbirdə bildirib ki, hökumət büdcə profisitini qoruyub saxlayıb, dövlət borcu aşağı səviyyədə qalır, beynəlxalq ehtiyatlar kifayət qədərdir və bank sektoru sabitliyini davam etdirir.
Val Mansurun sözlərinə görə, neft-qaz sektorunun iqtisadi artımın əsas mənbəyi kimi rolunun tədricən azalması fonunda iqtisadiyyatın yeni inkişaf hərəkətverici qüvvələrinə ehtiyacı var.
Bundan başqa, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-iyun aylarında Azərbaycanda 65,207 milyard manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Qurumun hesablamalarına görə, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz artıb.
