Bakı. Trend:
Avropa Parlamenti (AP) rəqəmsal avronun yaradılması təşəbbüsünü təsdiqləyib və bununla da valyutanın 2029-cu ilin yanvarından dövriyyəyə buraxılması istiqamətində institusional danışıqların yekun mərhələsinə keçidə şərait yaradıb.
Bu barədə "European Conservative" nəşri məlumat yayıb.
Məlumata görə, təşəbbüs 416 deputatın dəstəyi ilə qəbul olunub, 169 deputat isə sənədin əleyhinə səs verib.
Bildirilib ki, Avropa İttifaqı Şurası, Avropa Parlamenti və Avropa Komissiyası 2026-cı ilin sonunadək layihənin əsas parametrləri üzrə razılığa gəlməlidir. Bundan sonra Avropa Mərkəzi Bankı 2027-ci ildə məhdud miqyaslı sınaqlara başlamağı nəzərdə tutur.
Hazırda elektron ödənişlər əsasən Visa, Mastercard, American Express kimi beynəlxalq operatorlar, həmçinin PayPal, Apple Pay və Google Pay rəqəmsal xidmətləri vasitəsilə həyata keçirilir. Aİ isə vətəndaşların və biznes subyektlərinin özəl operatorlarla yanaşı, Avropaya məxsus ictimai ödəniş infrastrukturundan da istifadə imkanına malik olmasını hədəfləyir.
Brüsselin mövqeyinə görə, rəqəmsal avro Aİ-nin strateji müstəqilliyini gücləndirməli, ABŞ mənşəli ödəniş sistemlərindən asılılığı azaltmalı və nağd pulun alternativi deyil, onu tamamlayan ödəniş vasitəsi kimi fəaliyyət göstərməlidir.
Layihəyə əsasən, əsas xidmətlər ödənişsiz olacaq, istifadəçilər hesab açmaq, vəsaitlərini saxlamaq və idarə etmək imkanı əldə edəcəklər. Konsepsiyanın mühüm xüsusiyyətlərindən biri isə rəqəmsal avronun avtonom rejimdə də işləyə bilməsidir.