Konstitusiya Məhkəməsində Latviya Konstitusiya Məhkəməsinin sədri ilə görüş olub (FOTO)

Cəmiyyət Materials 10 İyul 2026 15:12 (UTC +04:00)
Konstitusiya Məhkəməsində Latviya Konstitusiya Məhkəməsinin sədri ilə görüş olub (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

İyulun 10-da İrena Kutsina rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Azərbaycana səfəri çərçivəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində olub.

Konstitusiya Məhkəməsindən verilən məlumata görə, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək önünə gül dəstələri qoyub, daha sonra akademik Zərifə Əliyevanın məzarını ziyarət edib. Qonaqlar həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsini yad edərək “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.

Daha sonra Konstitusiya Məhkəməsində Latviya nümayəndə heyəti ilə görüş keçirilib.

Qonaqları salamlayan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan ilə Latviya arasında dostluq münasibətlərinin və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın dinamik inkişaf etdiyini bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin dəvəti ilə Latviya Prezidenti Edqars Rinkeviçsin bu ilin aprel ayında Azərbaycana rəsmi səfəri ikitərəfli əlaqələrə yeni təkan verib.

Görüşdə dövlətlər arasında məhkəmə-hüquq sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb, konstitusiya məhkəmələri arasında təcrübə mübadiləsinin və əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Fərhad Abdullayev Azərbaycanda hüquqi dövlət quruculuğu, məhkəmə-hüquq sistemində aparılan islahatlar, Konstitusiya Məhkəməsinin fəaliyyət istiqamətləri, konstitusiya nəzarəti mexanizmi və qəbul edilən qərarların hüquq sisteminin inkişafındakı rolu barədə qonaqlara məlumat verib.

Latviya Konstitusiya Məhkəməsinin sədri İrena Kutsina isə rəhbərlik etdiyi qurumun fəaliyyəti, konstitusiya nəzarəti sahəsində formalaşmış təcrübə və vətəndaşların konstitusion hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə danışıb. O, konstitusiya ədalət mühakiməsi orqanlarının qarşılaşdığı ümumi məsələlərin müzakirəsinin faydalı olduğunu vurğulayıb.

Görüş çərçivəsində hər iki ölkənin konstitusiya məhkəmələrinin hakimləri və aparat əməkdaşlarının iştirakı ilə məhkəmə təcrübəsi, konstitusiya nəzarətinin aktual məsələləri, hüquq və azadlıqların müdafiəsi mexanizmləri, rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının məhkəmə fəaliyyətində tətbiqi və digər hüquqi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Sonda tərəflər ikitərəfli əməkdaşlığın davam etdirilməsinin konstitusiya nəzarətinin səmərəliliyinin artırılmasına töhfə verəcəyini bildiriblər. Görüşdən sonra qonaqlar Konstitusiya Məhkəməsinin inzibati binası ilə tanış olub, xatirə şəkli çəkdiriblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti