Bakı. Trend:
Ermənistanda son parlament seçkilərindən sonra baş verən hadisələr bir daha göstərir ki, bu ölkədə demokratiya yalnız görüntü xarakteri daşıyır. Reallıqda isə siyasi təzyiqlər, həbslər və inzibati resurslardan sui-istifadə seçki prosesinin və siyasi idarəetmənin əsas alətləridir.
Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, seçkiöncəsi dövrdə müxalif qüvvələrə qarşı həyata keçirilən həbslər, siyasi təzyiqlər, inzibati resurslardan geniş istifadə və seçki günü qeydə alınan pozuntular seçki prosesinin şəffaflığı və rəqabətliliyi barədə ciddi suallar doğurur və hakim “Vətəndaş Müqaviləsi” partiyasının sistemli təzyiq, inzibati resursların sui-istifadəsi və repressiyalar yolu ilə qələbə qazandığını sübut edir:
“Seçkilərdən sonra biznesmen Qaqik Tsarukyanın həbsi də daxil olmaqla, müxalifətə qarşı repressiv addımların davam etməsi Ermənistanda siyasi plüralizmin olmadığını bir daha ortaya qoyur. Hakimiyyətin tənqidçilərinə qarşı hüquq-mühafizə mexanizmlərindən siyasi alət kimi istifadə edilməsi demokratik idarəetmə prinsipləri ilə uzlaşmır.
Maraqlı və eyni zamanda düşündürücü məqamlardan biri də beynəlxalq reaksiyadır. Vaxtilə Robert Koçaryan və Serj Sarkisyan hakimiyyətləri dövründə Ermənistanda demokratik standartların ciddi pozulmasına Qərbin göz yummasının şahidi olurduq. Bu gün isə Nikol Paşinyan hökuməti dövründə baş verən həbslər, siyasi təzyiqlər və digər mübahisəli proseslər fonunda Qərbin səssiz qalması ikili standartların bariz nümunəsidir”.
Deputat qeyd edib ki, müxtəlif ölkələrdə oxşar hadisələrə fərqli münasibətin sərgilənməsi beynəlxalq siyasətdə geosiyasi maraqların demokratik dəyərlərdən üstün tutulduğunu bir daha sübut edir:
“Məhz buna görə də demokratiya, insan hüquqları və qanunun aliliyi prinsipləri bütün dövlətlərə münasibətdə eyni meyarlarla tətbiq olunmalıdır. Əks halda, bu anlayışların siyasi alətə çevrildiyi aydın şəkildə ortadadır.
Ermənistanda siyasi rəqabətin məhdudlaşdırılması, müxalifətin sıxışdırılması və cəmiyyət daxilində qarşıdurmanın dərinləşməsi ölkənin xarici qüvvələrin əlində geosiyasi alətə çevrildiyini aydın şəkildə göstərir.
Uzun illər Rusiyanın forpostu kimi tanınan Ermənistanın son dövrdə Qərblə sürətlə yaxınlaşması ölkəni indi də Qərbin forpostuna çevirir. Bu isə onu deməyə əsas verir ki, Paşinyan “demokratiya” pərdəsi altında avtoritar rejim qurur və Qərbin dəstəyi bu prosesi stimullaşdırır.
Belə bir şəraitdə Ermənistanın milli maraqları deyil, xarici güclərin geosiyasi prioritetləri ön plana çıxır. Bu, ölkəni daxili parçalanmaya, iqtisadi problemlərə və regional təhlükələrə sürükləyir. Ölkə getdikcə Qərb-Rusiya rəqabətinin qurbanına çevrilir.
Bu da həm ölkənin daxili sabitliyinə, həm də Cənubi Qafqazda uzunmüddətli sülh və təhlükəsizlik perspektivlərinə mənfi təsir göstərir.
Hesab edirəm ki, beynəlxalq ictimaiyyət regionda baş verən proseslərə ikili standartlarla deyil, obyektiv və prinsipial yanaşmalıdır”.
