Bakı. Trend:
Bakının Qaradağ rayonunda 3 fərqli yol sahəsində yeni avtomobil körpüləri tikilir.
Bu barədəAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hər üç körpü bir aşırımlı olmaqla layihələndirilib.
Körpülərdən biri Bakı–Ələt–Qazax–Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrində, Qobustan qəsəbəsi ərazisində tikilir. Hazırda tikinti işləri yekun mərhələyə çatıb və körpünün asfalt-beton örtüyünün salınması üçün hazırlıq işləri aparılır.
Digər körpü Səngəçal–Çeyildağ avtomobil yolunun 13-cü kilometrində tikilir. Burada dayaqların inşası üçün svaylar vurulub, bünövrənin betonlanmasına hazırlıq işləri görülür.
Üçüncü körpü isə Lökbatan–Güzdək avtomobil yolunun 2,2-ci kilometrində tikilir. Hazırda birinci kənar dayağın inşası davam etdirilir, ikinci dayağın isə bünövrəsi artıq hazırdır.
