Hacı Kərimov Avropa çempionatının finalına vəsiqə qazanıb

İdman Materials 10 İyul 2026 21:58 (UTC +04:00)
Hacı Kərimov Avropa çempionatının finalına vəsiqə qazanıb

Bakı. Trend:

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U20 Avropa Güləş Çempionatı davam edir.

Yarışın beşinci günündə sərbəst güləş üzrə 57, 65, 70, 79 və 97 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.

57 kq çəki dərəcəsində çıxış edən Muhəmməd İsmayılov Böyük Britaniya təmsilçisi Dariuş Jovkarı (10:0), daha sonra moldovalı Georgi Qaydarjini (11:0) tam üstünlüklə məğlub edərək yarımfinala yüksəlib. O, yarımfinalda rusiyalı Maqomed Özdəmirova 2:4 hesabı ilə uduzduğundan sabah bürünc medal uğrunda mübarizə aparacaq.

65 kq-da mübarizə aparan Bəşir Verdiyev yunanıstanlı Pavlos Ntiantiadisi 10:0 hesabı ilə üstələyib, rusiyalı Səid Gerqokovu isə sonuncu xal prinsipinə əsasən (2:2) məğlub edərək yarımfinala adlayıb. Lakin bu mərhələdə ermənistanlı Aren Hayrapetyana 5:6 hesabı ilə məğlub olan güləşçi sabah üçüncü yer uğrunda görüşə çıxacaq.

70 kq çəki dərəcəsində Hacı Kərimov bolqarıstanlı Vladislav Seyzov və slovakiyalı Dominik Zavaçki üzərində eyni – 10:0 hesablı qələbə qazanaraq yarımfinala vəsiqə əldə edib. Yarımfinalda rusiyalı Ramazan Abdulkadırovu 7:0 hesabı ilə məğlub edən idmançımız finala yüksəlib. O, qızıl medal uğrunda görüşdə fransalı Bayssanqur Bitmurzayevlə qarşılaşacaq.

79 kq-da çıxış edən Elcan İsmayılzadə təsnifat mərhələsində rusiyalı Maqomed Alibaxarçiyevə 0:4 hesabı ilə uduzub. Rəqibinin finala yüksəlməsi Elcana təsəlliverici görüşlərdə iştirak etmək imkanı yaradıb və o, ispaniyalı David Kodakovla üz-üzə gələcək.

97 kq çəki dərəcəsində mübarizə aparan Fərhad Süleymanlı əvvəlcə rumıniyalı Balaş Lorinçi 12:5 hesabı ilə, daha sonra almaniyalı Tom Ulameti isə 11:0 hesablı tam üstünlüklə məğlub edərək yarımfinala yüksəlib. O, finalın bir addımlığında fransalı Asxab Dadayevə 2:4 hesabı ilə uduzub və sabah bürünc medal uğrunda güləşəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti