Bakı. Trend:
Son 15 ildə göl və nohur balıqçılığı ilə məşğul olan təsərrüfat subyektlərinin sayı 93-dən 133-ə yüksələrək 43 faiz artsa da, həmin dövrdə istehsal 423 tondan 347 tona düşüb. Bu fakt göstərir ki, sahənin inkişafı üçün təkcə təsərrüfatların sayının artması kifayət etmir, müasir texnologiyalar, elmi idarəetmə və yeni istehsal modelləri tətbiq olunmalıdır.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentin bugünkü iclasında “Balıqçılıq haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, hazırda dünyada istehlak olunan balıq məhsullarının yarıdan çoxu akvakultura hesabına istehsal edilir. Onun sözlərinə görə, Azərbaycanda isə 2024-cü ildə ümumi balıq istehsalı 67 min tondan çox olsa da, bunun cəmi 347 tonu akvakulturanın payına düşür və bu göstərici mövcud potensialdan hələ də tam istifadə olunmadığını göstərir.
S.Qurbanov qeyd edib ki, ölkədə 100-ə yaxın orta və iri balıqyetişdirmə təsərrüfatı fəaliyyət göstərsə də, yeni qanun investisiyaların cəlb edilməsinə, istehsalın genişləndirilməsinə və bu potensialın iqtisadi dövriyyəyə daxil edilməsinə daha geniş hüquqi imkanlar yaradacaq.
Deputat bildirib ki, qanun layihəsinin əhəmiyyətini üç əsas istiqamətdə qiymətləndirmək olar.
Onun sözlərinə görə, birinci istiqamət ərzaq təhlükəsizliyidir. "Balıq yüksək qida dəyərinə malik strateji məhsuldur. Yerli istehsalın artırılması daxili bazarın təminatını gücləndirəcək, idxaldan asılılığı azaldacaq və ölkənin ərzaq təhlükəsizliyinə mühüm töhfə verəcəkdir", - deyə o vurğulayıb.
S.Qurbanov qeyd edib ki, ikinci istiqamət iqtisadi inkişafdır. O bildirib ki, layihə balıqçılıq və akvakultura sahəsində sahibkarlığın genişlənməsini, emal sənayesinin, logistikanın və regionlarda məşğulluğun artmasını təşviq edir.
Komitə sədrinin sözlərinə görə, dövlət dəstəyi mexanizmləri, güzəştli maliyyələşmə imkanları, eləcə də balıq ehtiyatlarının artırılması və mühafizəsi fondunun yaradılması sahənin investisiya cəlbediciliyini daha da yüksəldəcək.
O əlavə edib ki, üçüncü istiqamət ekoloji təhlükəsizlikdir. "Layihə iqtisadi maraqlarla ekoloji məsuliyyət arasında balans yaradır. Nərə cinsli balıqların və digər qiymətli növlərin mühafizəsi, kürütökmə sahələrinin qorunması, invaziv növlərin yayılmasının qarşısının alınması, su hövzələrinin monitorinqi və meliorasiyası ilə bağlı müasir hüquqi mexanizmlər müəyyən edilir", - deyə S.Qurbanov bildirib.
Deputat qeyd edib ki, qanunda dövlət siyasətinin əsas prinsipləri sırasında dayanıqlı istehsal, elmi əsaslarla kvotaların müəyyən edilməsi, rəqəmsal idarəetmə, biomüxtəlifliyin qorunması və akvakulturanın inkişafı xüsusi yer tutur. Onun fikrincə, bu yanaşma balıq ehtiyatlarının idarə olunmasında şəffaflığı və səmərəliliyi əhəmiyyətli dərəcədə artıracaq.

S.Qurbanov diqqətə çatdırıb ki, son 15 ildə göl və nohur balıqçılığı ilə məşğul olan təsərrüfat subyektlərinin sayı 93-dən 133-ə yüksələrək 43 faiz artsa da, həmin dövrdə istehsal 423 tondan 347 tona enib.
"Bu fakt göstərir ki, sahənin inkişafı üçün təkcə təsərrüfatların sayının artması kifayət etmir, müasir texnologiyalar, elmi idarəetmə və yeni istehsal modelləri tətbiq olunmalıdır", - deyə o vurğulayıb.
Deputat hesab edir ki, gələcək mərhələdə akvakulturanın inkişafında əsas istiqamətlərdən biri də Xəzər dənizinin Azərbaycan sektorunun imkanlarından daha səmərəli istifadə olunması ola bilər. Onun sözlərinə görə, bu yanaşma kənd təsərrüfatı təyinatlı torpaq ehtiyatlarına əlavə yük yaratmadan istehsalın genişləndirilməsinə şərait yaradacaq.
