Mediada dekolonizasiya uğrunda mübarizə zəruridir - Burkina-Fasolu nümayəndə

Siyasət Materials 11 İyul 2026 11:41 (UTC +04:00)
Mediada dekolonizasiya uğrunda mübarizə zəruridir - Burkina-Fasolu nümayəndə
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı.Trend:

Dekolonizasiya uğrunda mübarizə informasiya məkanında da aparılmalıdır.

Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu Bakıda keçirilən "Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər" mövzusunda beynəlxalq konfrans çərçivəsində Burkina-Fasodan olan iştirakçı Musa Konate deyib.

"Bu konfrans bizim üçün çox vacibdir. Çünki dekolonizasiya uğrunda mübarizədən imtina edə bilmərik. Dekolonizasiya ölkəmiz üçün böyük əhəmiyyət daşıyır. Biz 60 ildən artıq müddət əvvəl müstəqillik əldə etmişik. Lakin reallıq tamamilə fərqlidir. Praktikada hələ də öz torpağımızda həqiqi azadlığa malik deyilik. Fransa hökuməti ölkələrimizdə istədiyi kimi fəaliyyət göstərməyə davam edir. Əslində biz nə iqtisadi sahədə, nə mədəniyyət sahəsində, nə də bir çox digər istiqamətlərdə tam azadlığa malikik", – deyə o bildirib.

Konate qeyd edib ki, Bakı Təşəbbüs Qrupu onlara öz ölkələrində qalmaqla yanaşı, mövqelərini beynəlxalq ictimaiyyətə və dünya mediasına çatdırmaq üçün platforma təqdim edib.

"Bu, çox vacibdir. Məhz buna görə hesab edirik ki, burada olmaq, media nümayəndələri və Afrika ölkələrinin təmsilçiləri ilə birlikdə bu məsələləri müzakirə etmək zəruridir. Biz anlayırıq ki, mübarizə yalnız yerində aparılmamalıdır. İnformasiya məkanında da mübarizə aparmaq və iqtisadi azadlığa nail olmaq eyni dərəcədə vacibdir. Məhz buna görə bu gün buradayıq", – deyə o vurğulayıb.

Qeyd edək ki, Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Konfrans Azərbaycanda ilk dəfə olaraq müstəmləkə altında olmuş və hazırda müstəmləkə statusunda olan ərazilərin media nümayəndələrinin iştirakı ilə təşkil edilən belə bir platformadır.

Konfransda keçmiş və mövcud müstəmləkə ərazilərindən media qurumlarının rəhbərləri və nümayəndələri, jurnalistlər, siyasi şərhçilər, diaspor təşkilatlarının nümayəndələri, media və kommunikasiya sahəsində ekspertlər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, tədqiqatçılar, diplomatlar, dövlət qurumlarının nümayəndələri, eləcə də yerli KİV nümayəndələri iştirak edirlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti