Bakı. Trend:
Taylandın paytaxtı Banqkokun şimalındakı əyləncə məkanlarından birində baş verən güclü yanğın nəticəsində 27 nəfər həlak olub.
Bu barədə Taylandın yanğın-xilasetmə xidməti tərəfindən məlumat verilib.
Hadisə "Na Ladprao" adlı barda yerli vaxtla saat 23:57-də (Bakı vaxtı ilə 20:57 - red.) baş verib. Həlak olanlardan 9 nəfər kişi, 18 nəfər qadındır. Yanğın yarım saat ərzində söndürülüb.
Taylandın baş naziri Anuthin Çanvirakun hadisə yerində jurnalistlərə açıqlamasında ölənlərin əksəriyyətinin tüstü ilə zəhərlənərək həyatlarını itirdiyini, daha bir neçə nəfərin isə xəsarət alaraq xəstəxanaya yerləşdirildiyini bildirib.
Polis və məhkəmə-tibbi ekspertiza nümayəndələri faciənin başvermə səbəblərini araşdırırlar.
Çanvirakunun sözlərinə görə, barda çıxış edən musiqiçi səhnə yaxınlığındakı elektrik açarının tüstüləndiyini, bundan sonra partlayışın səsləndiyini və barın tüstüyə büründüyünü söyləyib.