PMCG-nin prezidenti Orta Dəhlizin gələcəyi barədə danışıb

İqtisadiyyat Materials 11 İyul 2026 13:04 (UTC +04:00)
PMCG-nin prezidenti Orta Dəhlizin gələcəyi barədə danışıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Orta Dəhliz yalnız nəqliyyat marşrutu yox, həm də iqtisadi dəhlizə çevrilməlidir.

Bu fikir PMCG konsaltinq şirkətinin prezidenti Aleksi Alekişvilinin məqaləsində yer alıb.

Onun sözlərinə görə, Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Avropa ilə Asiya arasında sadəcə alternativ yükdaşıma marşrutu deyil, həm də investisiyaları, sənaye inkişafını və regionun qlobal təchizat zəncirlərinə inteqrasiyasını stimullaşdıran tamhüquqlu iqtisadi dəhlizə çevrilmək potensialına malikdir.

"Orta Dəhlizin əhəmiyyətinin sürətlə artması COVID-19 pandemiyasının nəticələri, ənənəvi logistika zəncirlərinin pozulması və Rusiyanın Ukraynaya qarşı müharibəsi də daxil olmaqla dərin geosiyasi və iqtisadi dəyişikliklərlə bağlıdır. Bu amillər Avropa ilə Asiyanı Cənubi Qafqaz və Mərkəzi Asiya vasitəsilə birləşdirən alternativ marşruta marağı əhəmiyyətli dərəcədə artırıb.

Asiya ölkələrinin payına dünya ixracının təxminən 30-35 faizi, Avropanın payına isə qlobal idxalın 35-40 faizi düşür. Onilliklər ərzində bu regionlar arasında ticarət əsasən Süveyş kanalı və Şimal marşrutu vasitəsilə həyata keçirilsə də, geosiyasi risklərin artması dövlətləri və biznesi daha dayanıqlı logistika həlləri axtarmağa vadar edib", – məqalədə qeyd olunur.

Müəllif vurğulayır ki, bu gün əsas məsələ tranzit həcmlərinin artırılması deyil, marşrutun iqtisadi dəhlizə çevrilməsi bacarığıdır.

"Nəqliyyat dəhlizləri malların daşınmasını təmin edir, iqtisadi dəhlizlər isə əlavə dəyər yaradır. Onlar investisiyaları cəlb edir, sənaye inkişafını stimullaşdırır, qlobal təchizat zəncirlərinə inteqrasiyanı təşviq edir və yeni iş yerləri yaradır.

Region artıq müsbət dinamika nümayiş etdirir. Son on ildə Mərkəzi Asiya ölkələri arasında ticarət əhəmiyyətli dərəcədə artıb, regionun Çin, Türkiyə, Cənubi Qafqaz və Avropa İttifaqı ilə iqtisadi əlaqələri isə möhkəmlənməkdə davam edir.

Bununla belə, Orta Dəhlizin potensialı hələ də tam reallaşmayıb. 2023-cü ildə Avropa İttifaqı ilə Çin arasında ticarətin həcminin cəmi təxminən 1 faizi, dəyərinin isə təxminən 5 faizi bu marşrutun payına düşüb. Onun buraxıcılıq qabiliyyəti isə Şimal marşrutunun imkanlarının 10 faizindən də azdır.

Eyni zamanda, Dünya Bankının proqnozlarına əsasən, əməliyyat və tənzimləyici maneələr aradan qaldırılacağı təqdirdə, 2040-cı ilədək Orta Dəhliz üzrə ticarət dövriyyəsi 4,5 dəfə arta bilər", – o bildirib.

A.Alekişvili hesab edir ki, təkcə infrastrukturun qurulması layihənin uğurunu təmin etməyəcək. O, əsas maneələr sırasında marşrut boyunca yerləşən ölkələrdə gömrük prosedurları, ticarət rejimləri və normativ-hüquqi bazalar arasındakı fərqləri göstərir. Bundan əlavə, dəhliz boyunca yerləşən səkkiz ölkədən yalnız beşi Ümumdünya Ticarət Təşkilatının üzvüdür ki, bu da müəllifin fikrincə, tam vahid ticarət sistemindən danışmağa imkan vermir.

"Digər geniş yayılmış yanlış yanaşma Orta Dəhlizin ayrı-ayrı ölkələrin layihəsi kimi qəbul edilməsidir. Dəhlizin rəqabət qabiliyyəti onun ən zəif həlqəsinin gücü ilə müəyyən olunur. Marşrutun səmərəliliyi ölkələr, limanlar, dəmir yolları, sərhəd-keçid məntəqələri, logistika operatorları və dövlət institutları da daxil olmaqla bütün iştirakçıların əlaqələndirilmiş fəaliyyətindən asılıdır.

Orta Dəhlizin dayanıqlı inkişafı özəl sektorun fəal iştirakı olmadan mümkün deyil. Dövlət investisiyaları ilə yanaşı, logistika xidmətləri bazarında rəqabətin inkişafı, ticarətin maliyyələşdirilməsi, sığorta alətləri və müasir kommersiya mexanizmlərinə çıxış da zəruridir.

Orta Dəhlizin əhəmiyyəti onun keçdiyi ölkələrin maraqlarından xeyli genişdir. Təchizat zəncirlərinin təhlükəsizliyinin qlobal iqtisadiyyatın əsas amillərindən birinə çevrildiyi dövrdə bu marşrut Avropa və Asiya arasında daha şaxələndirilmiş, dayanıqlı və geosiyasi baxımdan balanslaşdırılmış əlaqə təmin edə bilər.

Orta Dəhliz ətrafında yaranmış bugünkü təkan nadir imkan yaradır. İndi infrastrukturun tikintisindən səmərəli institutların formalaşdırılmasına, tənzimləmələrin uyğunlaşdırılmasına və regional əməkdaşlığın dərinləşdirilməsinə keçmək lazımdır. Yalnız bu halda Orta Dəhliz tranzit marşrutundan Avrasiyanın uzunmüddətli rifahını təmin edən tamhüquqlu iqtisadi dəhlizə çevrilə bilər", – deyə müəllif yekunlaşdırıb.

Xatırladaq ki, bundan əvvəl PMCG nümayəndələri Trend-ə verdikləri özəl müsahibədə bildirmişdilər ki, Azərbaycan Orta Dəhlizdə əsas strateji mövqelərdən birini təkcə əlverişli coğrafi mövqeyi sayəsində deyil, həm də regional koordinasiyada artan rolu, dəmir yolu əlaqəliliyinin inkişafı və Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinə verdiyi töhfə hesabına tutur.

Şirkətdə qeyd edilib ki, Mərkəzi Asiyanı Cənubi Qafqaz, oradan isə Avropa ilə birləşdirən mühüm tranzit ölkə kimi Azərbaycan Gürcüstanla birlikdə Xəzər və Qara dənizlər arasında dəniz və dəmir yolu daşımalarının kəsişdiyi mühüm əhəmiyyətli qovşaq rolunu oynayır.

“Bu kontekstdə Xəzərdəki Bakı Limanı ilə Gürcüstanın Qara dəniz limanları, ilk növbədə Batumi və Poti arasında səmərəli əlaqə xüsusi strateji əhəmiyyət kəsb edir. Bu limanlar Orta Dəhliz üzrə Avropa bazarlarına yönələn yük axınları üçün əsas dəniz qapıları rolunu oynayır və Bakı–Tbilisi–Qars dəmir yolu kimi quru marşrutlarını tamamlayır. Azərbaycan və Ermənistan arasında münasibətlərdə son dövrlərdə baş verən müsbət dəyişikliklər də Cənubi Qafqazda uzunmüddətli sabitlik və nəqliyyat əlaqəliliyinin perspektivlərini yaxşılaşdırır. Azərbaycanın regional əməkdaşlığın təşviqində oynadığı konstruktiv rol Orta Dəhlizin dayanıqlı inkişafı üçün mühüm amildir”, – PMCG-dən bildirilib.

Şirkətdə vurğulanıb ki, Ermənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında sıx əməliyyat əməkdaşlığı buraxılış qabiliyyətinin artırılması, logistika əməliyyatlarının sinxronlaşdırılması və tranzit vaxtının azaldılmasının təməl daşı olaraq qalmaqdadır.

Xatırladaq ki, bundan əvvəl PMCG nümayəndələri Trend-ə verdikləri özəl müsahibədə bildirmişdilər ki, Azərbaycan təkcə coğrafi mövqeyinə görə deyil, həm də regional koordinasiyada artan rolu, dəmir yolu əlaqələrinin inkişafı və Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinə verdiyi töhfə sayəsində Orta Dəhlizdə əsas strateji mövqelərdən birini tutur.

Şirkətdə qeyd ediblər ki, Mərkəzi Asiyanı Cənubi Qafqaz, daha sonra isə Avropa ilə birləşdirən mühüm tranzit ölkəsi kimi Azərbaycan Gürcüstanla birlikdə Xəzər və Qara dənizlər arasında dəniz və dəmir yolu daşımalarının qovuşduğu kritik əhəmiyyətli nəqliyyat qovşağı rolunu oynayır.

"Bu kontekstdə Xəzərdə yerləşən Bakı Limanı ilə Gürcüstanın Qara dəniz limanları, ilk növbədə Batumi və Poti arasında səmərəli əlaqə xüsusi strateji əhəmiyyət daşıyır. Həmin limanlar Avropa bazarlarına yönələn Orta Dəhliz yük axınlarının əsas dəniz qapıları olmaqla yanaşı, Bakı–Tbilisi–Qars dəmir yolu kimi quru marşrutlarını tamamlayır. Azərbaycan və Ermənistan arasında münasibətlərdə son dövrlərdə müşahidə olunan müsbət dəyişikliklər də Cənubi Qafqazda uzunmüddətli sabitlik və nəqliyyat əlaqələrinin inkişafı perspektivlərini yaxşılaşdırır. Azərbaycanın regional əməkdaşlığın təşviqində oynadığı konstruktiv rol Orta Dəhlizin dayanıqlı inkişafı üçün mühüm amildir", – deyə PMCG-də bildiriblər.

Şirkətdə vurğulanıb ki, Ermənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında sıx əməliyyat əməkdaşlığı buraxıcılıq qabiliyyətinin artırılması, logistika əməliyyatlarının sinxronlaşdırılması və tranzit müddətinin azaldılmasının əsas şərti olaraq qalır.

"Orta Dəhlizin buraxıcılıq qabiliyyətinin və təhlükəsizliyinin artırılması multimodal daşımaların inkişafına və xüsusilə Xəzər ilə Qara dənizlər arasındakı infrastrukturun daha da modernləşdirilməsinə yönəlmiş səyləri tələb edir. Azərbaycanın Gürcüstanın Qara dəniz limanları ilə əlaqəsini təmin edən dəmir yolu infrastrukturuna, eləcə də liman infrastrukturunun inkişafına əlavə investisiyalar zəruridir. Dəmir yolu yükdaşımalarında özəl sektorun daha fəal iştirakı və dövlət müəssisələrində korporativ idarəetmənin gücləndirilməsi də az əhəmiyyət kəsb etmir. Ermənistan, Azərbaycan və Gürcüstanın nəqliyyat qurumları arasında rəqəmsal platformalar və vahid prosedurlarla dəstəklənən daha dərin koordinasiya dəhlizin fəaliyyətinin səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq", – PMCG bildirib.

Qeyd olunub ki, Orta Dəhliz liman infrastrukturu, dəmir yolu logistika mərkəzləri və təchizat zəncirində əlavə dəyər yaradan xidmətlər sahəsinə xarici investisiyaların cəlb edilməsi üçün mühüm imkanlar yaradır.

"Təchizat zəncirlərinin şaxələndirilməsinə yönəlmiş artan beynəlxalq maraq, o cümlədən ABŞ-ın kritik minerallar sahəsində təşəbbüsləri və Avropa İttifaqının qarşılıqlı əlaqələrin inkişafı strategiyaları Azərbaycanın investisiya cəlbediciliyini daha da artırır. PMCG texniki-iqtisadi əsaslandırmaların hazırlanması, tənzimləyici siyasət islahatlarının dəstəklənməsi, institusional potensialın gücləndirilməsi və beynəlxalq maliyyələşmənin səfərbər edilməsinə yardım göstərməklə Orta Dəhlizin inkişafına dəstək verməyi planlaşdırır. Şirkət həmçinin dəhlizin Xəzər və Qara dəniz seqmentləri arasında daha sıx regional koordinasiyanın və kompleks planlaşdırmanın təşviqinə çalışacaq", – deyə PMCG-də əlavə ediblər.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti