Bakı.Trend:
Mətbuat marginallaşdırılmış xalqlar haqqında təsəvvürün dəyişdirilməsi üçün mühüm alətə çevrilə bilər.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu "Musulmans en France" fransız xəbər portalının təsisçisi Jan-Mişel Brun Bakıda keçirilən "Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər" mövzusunda beynəlxalq konfransda deyib.
"Müstəmləkəçilik cinayətdir. Lakin Fransanın bəzi prezidentləri bunun əksini iddia ediblər. Onlar törətdikləri cinayətləri məsuliyyətdən yayınmaq və ictimaiyyətə qəbul etdirmək məqsədilə fərqli şəkildə təqdim etməyə çalışıblar. Bu cür yanaşma bütün müstəmləkəçi dövlətlərdə müşahidə olunub. Xüsusilə mətbuat müstəmləkəçiliyi olduğu kimi göstərməyib, əksinə, ona haqq qazandırıb və müsbət kolonial obraz formalaşdırıb.
1880-ci ildə Fransa mətbuatı müstəmləkəçiliyi Fransanın "sivilizasiya missiyası" kimi təqdim edir, onu tərəqqiyə aparan yol kimi göstərirdi. Guya xəstəxanalar, məktəblər tikilir, təhlükəsizlik səviyyəsi yaxşılaşdırılırdı. Əslində isə bütün bunlar həmin ərazilərin istismarı və yerli əhalinin iztirablarının daha da artırılması üçün istifadə olunurdu.
Mətbuat bu kolonial obrazın formalaşdırılmasında fəal iştirak edib", – deyə o bildirib.
Brun qeyd edib ki, müstəmləkəçi mətbuat Əlcəzairdə, Qvianada, Yeni Kaledoniyada və Haitidə də mövcud olub. Bu mətbuat kolonial kimliyin formalaşmasına xidmət edib və hadisələri müstəsna olaraq Fransa prizmasından təqdim edib.
"Müstəmləkəçilikdən bəhs ediləndə o, daim müsbət şəkildə təqdim olunurdu. Yerli xalqlardan danışıldıqda isə onlar ekzotik bir toplum kimi göstərilirdi. Fransa mətbuatında onların mədəniyyəti folklor və itaətkarlıq səviyyəsinə endirilirdi", – deyə Brun vurğulayıb.
O bildirib ki, bu gün əsas sual budur: kütləvi informasiya vasitələri və mətbuat özünü necə dekolonizasiya edə bilər?
"Jurnalistlər olaraq biz vətəndaşları məlumatlandırmalı, marginallaşdırılmış xalqlara öz sözlərini demək üçün daha geniş imkan yaratmalıyıq. Referendumlar, müstəqillik məsələləri, sosial problemlər və köləlik tarixi barədə yazmalıyıq. Bərabərsizlikdən danışmalı, stereotipləri dağıtmalı və kolonial tarixi xatırlatmalıyıq.
Digər tərəfdən isə kütləvi informasiya vasitələri bəzən ictimai rəyi elə təqdim edir ki, dekolonizasiya hərəkatları bir təhdid kimi görünür. Biz bunu siyasi gərginliyin davam etdiyi Yeni Kaledoniyanın timsalında görürük. Dənizaşırı ərazilər barədə yalnız zorakılıq hadisələrindən danışmaq və köhnə təsəvvürləri təkrarlamaq əvəzinə, onların tarixi və mədəniyyəti haqqında məlumat verməliyik", – deyə o bildirib.
Qeyd edək ki, Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
Konfrans Azərbaycanda ilk dəfə olaraq müstəmləkə altında olmuş və hazırda müstəmləkə statusunda olan ərazilərin media nümayəndələrinin iştirakı ilə təşkil edilən belə bir platformadır.
Konfransda keçmiş və mövcud müstəmləkə ərazilərindən media qurumlarının rəhbərləri və nümayəndələri, jurnalistlər, siyasi şərhçilər, diaspor təşkilatlarının nümayəndələri, media və kommunikasiya sahəsində ekspertlər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, tədqiqatçılar, diplomatlar, dövlət qurumlarının nümayəndələri, eləcə də yerli KİV nümayəndələri iştirak edirlər.
