Bakı. Trend:
Bakıda Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfrans Azərbaycanda müstəmləkə ərazilərindən olan media nümayəndələrinin iştirakı ilə təşkil edilən ilk belə platforma olub.
Bu barədə Trend-in tədbirdəki müxbiri məlumat verir.
Konfransda keçmiş və mövcud müstəmləkə ərazilərini təmsil edən media qurumlarının rəhbər və nümayəndələri, jurnalistlər, siyasi şərhçilər, diaspor təşkilatlarının nümayəndələri, media və kommunikasiya sahəsində ekspertlər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, tədqiqatçılar, diplomatlar, dövlət qurumlarının nümayəndələri, eləcə də yerli KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə beynəlxalq mediada uzun illər kölgədə qalmış müstəmləkə reallıqlarının – ərazilərin iqtisadi istismarı, təbii sərvətlərin talanması, mədəni kimliyin silinməsi, sistemli ayrı-seçkilik, yerli xalqlara qarşı repressiyalar, eləcə də Kanaklar (Yeni Kaledoniya) və Bonayre nümunəsində kənardan əhalinin köçürülməsi yolu ilə yerli əhalinin demoqrafik tərkibinin məqsədyönlü şəkildə dəyişdirilməsi siyasətinin işıqlandırılmasına xüsusi diqqət yetirilib.
Konfrans çərçivəsində müstəmləkə ərazilərində yaradılmış süni informasiya blokadasının aradan qaldırılması, dezinformasiya və saxta xəbərlərlə mübarizədə qabaqcıl süni intellekt alətlərinin tətbiqi, jurnalistlər və media strukturları arasında beynəlxalq koordinasiya şəbəkəsinin yaradılması, beynəlxalq media təşkilatları ilə yerli jurnalistlər arasında əməkdaşlığın gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə həmçinin beynəlxalq informasiya məkanında neokolonial istismara məruz qalan və müstəmləkə asılılığı şəraitində yaşayan xalqların və etnik azlıqların səsinin gücləndirilməsində medianın rolu və bu sahədə qarşıda duran çağırışlar müzakirə olunub.
Tədbirdə çıxış edən Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, jurnalistlər ictimai həyatın bütün sahələrində mühüm rol oynayırlar.
“Jurnalistlərin rolu ictimai həyatın bütün sahələrində böyük əhəmiyyət daşıyır. Onların peşəyə sədaqəti, peşəkarlığı və gərgin əməyi qlobal məlumatlılığın artırılmasında mühüm rol oynayır. Jurnalistika yüksək məsuliyyət, fədakarlıq və dürüstlük tələb edən peşədir. Bu, çox vaxt ciddi təzyiq və sərt vaxt məhdudiyyətləri şəraitində fəaliyyət göstərməyi tələb edən dinamik və mürəkkəb sahədir”, – deyə o bildirib.
A.Abbasov qeyd edib ki, son üç ildə BTQ beynəlxalq ictimaiyyətin diqqətini müstəmləkəçiliyin nəticələrinə və dekolonizasiya prosesinin əhəmiyyətinə yönəltmək istiqamətində ciddi nailiyyətlər əldə edib.
“Şübhəsiz ki, bu prosesdə kütləvi informasiya vasitələri əvəzsiz rol oynayıb. Biz ictimai məlumatlılığın artırılmasına və cəmiyyətin məlumatlandırılmasına töhfə verən peşəkarlığınıza və məsuliyyətinizə yüksək qiymət veririk”, – deyə o vurğulayıb.
Daha sonra "Voice of Congo"nun icraçı baş direktoru Sedrik Aunda Monziya (Cedrick Monzia Aundu) bildirib ki, kütləvi informasiya vasitələri şüurun dekolonizasiyası prosesində strateji əhəmiyyət daşıyır.
“Dekolonizasiyadan danışarkən söhbət təkcə ərazi işğalının başa çatmasından getmir, həm də şüurun və informasiya məkanının dekolonizasiyasından gedir. Bu gün media bu transformasiya prosesində strateji yer tutur. O, ya mövcud stereotipləri yaymağa davam edə, ya da baş verənlər barədə daha ədalətli təsəvvürün formalaşmasına töhfə verə bilər”, – deyə o bildirib.
Monziya qeyd edib ki, bu gün rəqəmsal dövrdə jurnalistlər artıq yeganə informasiya mənbəyi deyillər. İnformasiya məkanında yeni iştirakçılar – rəqəmsal kontent yaradıcıları meydana çıxıb.
“Jurnalistlər olaraq biz müstəmləkəçilik barədə məlumatların yayılmasının yeni formaları ilə üz-üzəyik. İlk növbədə qeyd etmək lazımdır ki, media müstəmləkəçilik prosesində mühüm rol oynayıb və çox vaxt müstəmləkəçi dövlətlərin təqdim etdiyi informasiyanı yayıb. Bu gün bizim məsuliyyətimiz ədaləti bərpa etmək və marginallaşdırılmış xalqlar, onların yerli mədəniyyəti barədə həqiqətləri çatdırmaqdır”, – deyə o bildirib.
Fransanın "Musulmans en France" xəbər portalının təsisçisi Jan-Mişel Bryun isə vurğulayıb ki, mətbuat marginallaşdırılmış xalqlar haqqında təsəvvürün dəyişdirilməsi üçün alətə çevrilə bilər.
“Müstəmləkəçilik cinayətdir. Lakin Fransanın bəzi prezidentləri bunun əksini iddia ediblər. Onlar törətdikləri cinayətləri məsuliyyətdən yayınmaq və onları ictimaiyyət üçün məqbul göstərmək məqsədilə təqdim etməyə çalışıblar. Bu, bütün müstəmləkəçi dövlətlərdə baş verib. Xüsusilə də mətbuat müstəmləkəçiliyi olduğu kimi göstərməyib, əksinə, onu əsaslandırıb və müsbət obraz formalaşdırıb.
1880-ci ildə Fransa mətbuatı müstəmləkəçiliyi Fransanın “sivilizasiya missiyası” kimi təqdim edir, guya xəstəxanaların, məktəblərin tikildiyini, təhlükəsizliyin yaxşılaşdırıldığını göstərirdi. Əslində isə bütün bunlar həmin ərazilərin istismarı və yerli əhalinin əzablarının artırılması məqsədi daşıyırdı.
Mətbuat bu müstəmləkəçi obrazın yaradılmasında fəal iştirak edib”, – deyə Bryun bildirib.
Bryun qeyd edib ki, müstəmləkə mətbuatı Əlcəzairdə, Qvianada, Yeni Kaledoniyada və Haitidə də mövcud olub. O, müstəmləkə kimliyinin formalaşmasına xidmət edib və hadisələri yalnız Fransa baxış bucağından təqdim edib.
“Müstəmləkəçilikdən danışılarkən o, daim müsbət işıqda təqdim olunurdu. Yerli xalqlardan bəhs ediləndə isə onlar ekzotik obraz kimi göstərilirdi. Fransa mətbuatında onların mədəniyyəti folklora və itaətkarlığa endirilirdi”, – deyə Bryun bildirib.
"One SXM Association" ictimai təşkilatının katibi və Sen-Marten hökumətinin sabiq müşaviri Alston Lourens (Alston Lourens) isə qeyd edib ki, dekolonizasiya təkcə konstitusiya prosesi deyil, həm də kommunikasiya prosesidir.
“Əgər müstəmləkəçilik müəyyən narrativlər vasitəsilə dəstəklənirdisə, dekolonizasiya da öz narrativini formalaşdırmaq hüququnu geri qaytarmalıdır. Karib hövzəsinin bir çox ölkələrində milli yayım – öz dövlət televiziya kanalına malik olmaq – tədricən aradan qalxıb”, – deyə o bildirib.
Onun sözlərinə görə, xəbərlər getdikcə daha çox kommersiya bazarında fəaliyyət göstərən özəl şirkətlər tərəfindən hazırlanır.
“Kiçik adalar çox vaxt öz ərazilərindən kənarda istehsal olunan media məzmunundan asılı vəziyyətdədir. Digər regionlarda isə jurnalistika dövlət subsidiyaları hesabına dəstəklənir. Bu modellərin hər birinin üstünlükləri olsa da, onların hər biri hansı mövzuların davamlı diqqət mərkəzində olmasına təsir göstərir”, – deyə Lourens bildirib.
O vurğulayıb ki, konstitusion inkişaf, öz müqəddəratını təyinetmə və dekolonizasiya çox nadir hallarda kommersiya baxımından cəlbedici mövzu hesab olunur.
“Bu ideyaları müdafiə edən hərəkatlar daha çox dağıdıcı, qeyri-real, problemli, bəzən isə hətta ekstremist kimi təqdim olunur, demokratik müzakirənin legitim iştirakçıları kimi qəbul edilmir”, – deyə Lourens bildirib.
Konfrans çərçivəsində Bakı Təşəbbüs Qrupu ilə Burkina-Fasonun Xarici İşlər Nazirliyinin Beynəlxalq Perspektivli Tədqiqatlar İnstitutu (INHEI) arasında Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb.
Sənədi Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov və Burkina-Fasonun Xarici İşlər Nazirliyinin Beynəlxalq Perspektivli Tədqiqatlar İnstitutunun baş direktoru Filipp Sandvidi imzalayıblar.
Bu əməkdaşlıq Bakı Təşəbbüs Qrupunun Afrika istiqamətində fəaliyyət coğrafiyasının genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir. Əgər əvvəllər BTQ müxtəlif ölkələrin siyasi partiyaları və siyasi hərəkatları ilə bu cür sənədlər imzalayırdısa, artıq təşkilat xarici dövlətin dövlət qurumu ilə də əməkdaşlığa başlayır.
