Slovakiya Prezidentinin səfəri: Qarabağ Azərbaycan-Slovakiya tərəfdaşlığının yeni mərhələsinin simvolu kimi

Siyasət Materials 12 İyul 2026 23:06 (UTC +04:00)
Slovakiya Prezidentinin səfəri: Qarabağ Azərbaycan-Slovakiya tərəfdaşlığının yeni mərhələsinin simvolu kimi
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Slovakiya Prezidenti Peter Pelleqrinin iyulun 13-də Azərbaycana səfəri Bakı ilə Bratislava arasında dostluq və strateji münasibətlərin inkişafında yeni mərhələ olacaq. Səfərə xüsusi rəmzi məna verən məqamlardan biri Prezidentin Qarabağa səfəridir. Slovakiya tərəfi burada azad edilmiş ərazilərin bərpasında iştirak edir və ən iri beynəlxalq layihələrdən biri olan müasir “ağıllı kənd”in inşasını həyata keçirir.

Məhz Qarabağ bu gün Azərbaycan-Slovakiya əməkdaşlığının praktiki məzmununun ən parlaq nümunələrindən birinə çevrilib. Bir neçə il əvvəl iki ölkəni birləşdirən əsas amil enerji sahəsi idisə, bu gün tərəfdaşlıq azad edilmiş ərazilərin bərpasını, sənayeni, nəqliyyatı, texnologiyaları, humanitar sahəni və parlament diplomatiyasını da əhatə edir.

Proqramın əsas məqamlarından biri Peter Pelleqrinin Ağdam rayonuna səfəri olacaq. O, burada Baş Qərvənd kəndində həyata keçirilən Smart Village (Ağıllı Kənd) layihəsinin icrası ilə tanış olacaq və Slovakiyanın milli qəhrəmanı, general Milan Rastislav Ştefanikin adını daşıyacaq yeni məktəbin təməlqoyma mərasimində iştirak edəcək. Azərbaycanın azad edilmiş ərazilərində görkəmli slovak xadiminin adını daşıyan məktəbin inşası iki dövlət arasında etimadın və dostluğun rəmzidir.

Baş Qərvənddə həyata keçirilən Smart Village layihəsi Qarabağın bərpası üzrə ən iri beynəlxalq layihələrdən biridir. Burada 851 fərdi yaşayış evi, 10 çoxmənzilli bina, məktəb, uşaq bağçası, tibb mərkəzi və bütün zəruri müasir infrastruktur inşa edilir.

Azərbaycan Prezidenti İlham Əliyev 2025-ci ilin dekabrında Slovakiyaya rəsmi səfəri zamanı bu layihənin əhəmiyyətini xüsusi vurğulamışdı.

"Tikintisi artıq sürətlə davam edən “ağıllı” qəsəbə Slovakiyanın azad edilmiş ərazilərdəki uğurunun rəmzinə çevriləcək. Tərkibinə 851 fərdi ev, 10 çoxmənzilli bina, məktəb, uşaq bağçası və tibb mərkəzinin daxil olduğu bu qəsəbə əbədi olaraq sizin nailiyyətlərinizin əksi və dostluğumuzun simvolu olacaq", – deyə dövlət başçısı bildirmişdi.

Bu sözlər bu gün xüsusi məna kəsb edir. Əgər Azərbaycan Prezidentinin ötən ilin dekabrında Bratislavaya səfəri ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ olmuşdusa, Slovakiya Prezidentinin Qarabağa səfəri həmin vaxt əldə olunan razılaşmaların ardıcıl şəkildə həyata keçirildiyini nümayiş etdirir.

Eyni zamanda, Slovakiyanın azad edilmiş ərazilərin bərpasında iştirakı yalnız tikinti ilə məhdudlaşmır. Bratislava Azərbaycana humanitar minatəmizləmə sahəsində də dəstək göstərir. Slovakiya tərəfinin təqdim etdiyi xüsusi avadanlıq azad edilmiş ərazilərin mina və partlamamış sursatlardan təmizlənməsi zamanı istifadə olunur, insanların həyatının qorunmasına və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının sürətlənməsinə töhfə verir.

Strateji tərəfdaşlıq praktik məzmun qazanır

Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci ilin dekabrında Slovakiyaya rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafına güclü təkan verdi.

Həmin vaxt Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycanın region üçün xüsusi əhəmiyyətini vurğulamışdı.

"Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyatına malik ölkədir. O, Asiya ilə Avropanın qovşağında yerləşir və zəngin enerji resurslarına sahibdir. Biz strateji tərəfdaşlığı qurmaq və inkişaf etdirmək niyyətindəyik. Biz dost ölkələrik və münasibətlərimiz həmişə yüksək səviyyədə olub. Slovakiya Azərbaycanı yerləşdiyi regionda strateji əhəmiyyətə malik tərəfdaş hesab edir", – deyə Slovakiya lideri bildirmişdi.

Azərbaycan Prezidenti İlham Əliyev isə qeyd etmişdi ki, Slovakiya və Azərbaycan sözün əsl mənasında dost ölkələr və strateji tərəfdaşlardır.

Məhz həmin səfər zamanı konsulluq sahəsində əməkdaşlığa dair memorandum, heyvan sağlamlığı və qida təhlükəsizliyi sahəsində memorandum, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Müdafiə Nazirliyi arasında əməkdaşlıq niyyətləri haqqında protokol, mədəniyyət sahəsində əməkdaşlıq memorandumu, eləcə də Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Slovakiya Ticarət və Sənaye Palatası arasında memorandum daxil olmaqla geniş ikitərəfli sənədlər paketi imzalanmışdı.

Beləliklə, əməkdaşlıq demək olar ki, bütün əsas istiqamətlər üzrə institusional əsas qazanmış oldu.

Nümayəndəli heyət yüksək maraqdan xəbər verir

Prezident Pelleqrini ilə birlikdə Azərbaycana son illərin ən nümayəndəli Slovakiya heyətlərindən biri gəlir. Nümayəndə heyətinə baş nazirin müavini və müdafiə naziri Robert Kalinyak, baş nazirin müavini və iqtisadiyyat naziri Denisa Sakova, daxili işlər naziri Matuş Şutay-Eştok, eləcə də Slovakiya Milli Bankının rəhbəri Peter Kajimir daxildir.

Belə yüksək səviyyəli təmsilçilik Bratislavanın Azərbaycanla əməkdaşlığa kompleks şəkildə – siyasi və iqtisadi sahələrlə yanaşı, sənaye, investisiya, təhlükəsizlik və maliyyə istiqamətlərində də yanaşdığını göstərir.

Prezident sarayının məlumatına görə, danışıqların əsas mövzuları enerji əməkdaşlığının dərinləşdirilməsi, Slovakiya ixracının dəstəklənməsi, sənaye və texnoloji tərəfdaşlığın inkişafı, iki ölkə arasında nəqliyyat əlaqələrinin təkmilləşdirilməsi, eləcə də Slovakiya şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərinin bərpası layihələrində iştirakı olacaq.

Rəsmi proqramla paralel olaraq, Bakıda hər iki ölkənin işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə Slovakiya-Azərbaycan biznes forumu keçiriləcək. Forumun məqsədi ticarət əməkdaşlığının genişləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və Slovakiya şirkətlərinin Azərbaycan bazarında fəaliyyətinə dəstək göstərməkdir.

Energetika əməkdaşlığın təməli olaraq qalır

İkitərəfli münasibətlərin əsas dayaqlarından biri enerji sahəsi olaraq qalır.

2024-cü ilin dekabrında Slovakiya Azərbaycan təbii qazının idxalına başlayan on ikinci ölkə oldu. SOCAR-ın dövlət operatoru SPP-yə qaz tədarükü pilot saziş çərçivəsində başladı və Avropanın enerji təchizatı mənbələrinin şaxələndirilməsi siyasətinin tərkib hissəsinə çevrildi.

Enerji təchizatı məsələləri üzrə ilk Aİ-Slovakiya İşçi Qrupunun fəaliyyəti də xüsusi əhəmiyyət kəsb etdi. Azərbaycanı bu platformada energetika nazirinin müavini Orxan Zeynalov təmsil etmişdi. Tərəflər həmin vaxt Azərbaycan qazının Mərkəzi Avropa üçün strateji rolunu bir daha təsdiqləmiş və bərpa olunan enerji sahəsində əməkdaşlığı genişləndirməyə hazır olduqlarını ifadə etmişdilər.

Bundan əlavə, Slovakiya Azərbaycan qazının Mərkəzi Avropaya tədarükünün artırılmasını nəzərdə tutan “Həmrəylik Halqası” layihəsi üzrə memoranduma qoşulan ölkələrdən biri olub.

Bununla yanaşı, enerji əməkdaşlığı artıq çoxdan təbii qaz tədarükü çərçivəsini aşıb. İnkişaf etmiş nüvə energetikası sayəsində Slovakiya Avropanın ən ekoloji enerji sistemlərindən birinə malikdir və enerji səmərəliliyi sahəsində böyük təcrübə toplayıb. Hazırda Slovakiya istehsalı olan istilik nasosları Azərbaycana tədarük edilir, nüvə energetikası və enerji səmərəliliyi texnologiyaları sahəsində fəaliyyət göstərən Slovakiya şirkətləri isə azərbaycanlı tərəfdaşlarla birgə layihələrə maraq göstərirlər. Belə əməkdaşlıq xüsusilə Bakıda keçirilmiş COP29-dan sonra daha da aktuallaşıb. Çünki enerji keçidi və dekarbonizasiya məsələləri həmin tədbirdə beynəlxalq gündəliyin əsas mövzularından biri olmuşdu.

Siyasi dialoqun yüksək dinamikası

Peter Pelleqrinin qarşıdan gələn səfəri son aylarda nəzərəçarpacaq dərəcədə intensivləşən siyasi dialoqun tərkib hissəsidir.

2026-cı ilin may ayında Azərbaycanın müdafiə naziri Zakir Həsənov Slovakiyaya səfər edib.

Həmin ay Azərbaycan Slovakiya Milli Şurasının sədri Rixard Raşinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Səfərin yekununda Azərbaycan Respublikasının Milli Məclisi ilə Slovakiya Respublikasının Milli Şurası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

May ayında Slovakiyanın baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Taraba da Azərbaycana səfər edib. İyun ayında isə Slovakiya Respublikasının Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Marek Eştok Bakıda olub. Həmin vaxt Azərbaycan və Slovakiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası da keçirilib.

Qarşılıqlı təmasların bu cür intensivliyi göstərir ki, iki ölkə arasında əməkdaşlıq demək olar ki, bütün istiqamətlər üzrə artan xətt üzrə inkişaf edir.

Biznes və turizm üçün yeni imkanlar

Münasibətlərin inkişafı nəqliyyat sahəsində də davamını tapır.

2026-cı il sentyabrın 29-dan etibarən Avropanın ən böyük aşağıbüdcəli aviaşirkətlərindən biri olan Wizz Air Bratislava–Bakı–Bratislava marşrutu üzrə birbaşa müntəzəm reyslərə başlayacaq. Uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.

Yeni marşrutun açılması iki ölkə arasında hava əlaqələrini gücləndirəcək, işgüzar və turizm səfərləri üçün imkanları genişləndirəcək və iqtisadi əməkdaşlığın inkişafına əlavə təkan verəcək.

Dostluğun praktiki təcəssümü

Bu gün Azərbaycan-Slovakiya münasibətləri ardıcıl şəkildə siyasi bəyanatlardan konkret birgə layihələrin həyata keçirilməsi mərhələsinə keçir. Bu, xüsusilə Qarabağda daha aydın şəkildə özünü göstərir. Burada əməkdaşlıq tamamilə real məzmun qazanır – müasir “ağıllı kənd”in tikintisi, humanitar minatəmizləmə işlərində iştirak, sosial infrastrukturun yaradılması və Slovakiya şirkətlərinin azad edilmiş ərazilərin bərpasına cəlb olunması ilə ifadə olunur.

Məhz buna görə Slovakiya Prezidentinin Ağdama səfəri rəsmi proqramın sadəcə bəndlərindən biri deyil, Qarabağın ikitərəfli gündəlikdə mühüm yer tutduğunun təsdiqi olacaq. Burada həyata keçirilən layihələr artıq Azərbaycan və Slovakiya dostluğunun rəmzinə çevrilib. Qarşıdan gələn səfər isə bu əməkdaşlığa yeni impuls vermək və iki ölkə arasında strateji tərəfdaşlığın daha da genişləndirilməsi üçün yeni imkanlar açmaq məqsədi daşıyır.

Xəbər lenti

Xəbər lenti