ABŞ-nin son hücumlarında 17 nəfər ölüb

Dünya xəbərləri Materials 11 İyul 2026 10:29 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

8-9 iyul tarixlərində ABŞ-nin İrana hərbi hava hücumları nəticəsində 17 nəfər ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin direktoru Hüseyn Kermanpur “X” sosial şəbəkəsində yazıb.

“8-9 iyul tarixlərində ABŞ İranın 6 şəhərinə hərbi hava hücumları həyata keçirib. Nəticədə 17 nəfər ölüb ki, onlardan biri qadındır”, - deyə o bildirib.

Kermanpur əlavə edib ki, hərbi hava hücumları nəticəsində 115 nəfər yaralanıb. Yaralılardan 2 nəfəri qadındır.

Nazirlik rəsmisi deyib ki, sözügedən müddətdə 14 cərrahiyyə əməliyyatı keçirilib və 102 nəfər müalicə olunaraq evə buraxılıb.

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) 9 iyulda verdiyi açıqlamada qeyd edib ki, Mərkəzi Komandanlıq qüvvələri Hörmüz boğazında İranın ticarət gəmilərinə və günahsız mülki dənizçilərə hücum etmək qabiliyyətini daha da zəiflətmək məqsədilə İrana qarşı əlavə bir hücum həyata keçirib. ABŞ qüvvələri İranın təxminən 90 hərbi hədəfinə zərbə endirib.

İran da Bəhreyn və Küveytdə ABŞ-nin hərbi mərkəzlərini atəşə tutduğunu bildirib.

Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə atəşkəs razılaşması əldə olunub.

18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb. Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə minib.

21 iyunda İran və ABŞ arasında müzakirələrin ilk raundu Pakistan və Qətərin vasitəçiliyi ilə baş tutub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti