Bakı.Trend:
Bakı Təşəbbüs Qrupu (BTQ) ilə Burkina-Faso Xarici İşlər Nazirliyinin “Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Bu barədə Trend-in tədbirdəki müxbiri xəbər verib.
Bildirilib ki, memorandum BTQ-nin fəaliyyət coğrafiyasının Afrika istiqamətində genişləndirilməsi baxımından mühüm addım hesab olunur. Bununla da təşkilat ilk dəfə olaraq xarici dövlətin dövlət qurumu ilə rəsmi əməkdaşlığa başlayıb. BTQ daha əvvəl müxtəlif ölkələrin siyasi partiyaları və siyasi hərəkatları ilə əməkdaşlıq sənədləri imzalayırdı.
Sənəd Afrika ölkələrinin aparıcı tədqiqat institutları, beyin mərkəzləri və vətəndaş cəmiyyəti təşkilatları ilə nəticəyönümlü əməkdaşlığın inkişafına, həmçinin BTQ ilə Qlobal Cənub ölkələri arasında elmi və praktiki əlaqələrin möhkəmləndirilməsinə, ortaq təşəbbüslərin həyata keçirilməsinə xidmət edəcək.
Memoranduma əsasən, tərəflər Afrika qitəsində müstəmləkəçiliyin yaratdığı problemlər, neokolonial idarəetmə, təbii resursların istismarı, iqtisadi asılılıq mexanizmləri və reparasiya məsələlərinə dair birgə analitik hesabatlar və siyasət sənədləri (policy papers) hazırlayacaq, onları beynəlxalq ictimaiyyətə təqdim edəcəklər.
Bundan əlavə, tərəflər bu istiqamətlər üzrə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi və birgə təşəbbüslərin irəli sürülməsi istiqamətində fəaliyyət göstərəcəklər.
Əməkdaşlıq çərçivəsində dekolonizasiya və neokolonializm mövzularında müntəzəm dialoqların, ortaq tədqiqat layihələrinin və illik beynəlxalq konfransların təşkili də nəzərdə tutulur. Bildirilir ki, bu təşəbbüslər Afrika ilə bağlı reallıqların, eləcə də böyük güclərin tarixən törətdiyi insanlıq əleyhinə cinayətlərin daha geniş beynəlxalq auditoriyaya çatdırılmasına töhfə verəcək.
Sənəd, həmçinin Afrika ölkələrində keçiriləcək tədbirlərdə BTQ ekspertlərinin iştirakını, gənc tədqiqatçılar üçün mübadilə və təlim proqramlarının təşkili, eləcə də digər akademik fəaliyyət istiqamətlərində əməkdaşlığın həyata keçirilməsini nəzərdə tutur.
