Bakı.Trend:
Dekolonizasiya təkcə konstitusion proses deyil, həm də kommunikasiya prosesidir.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu "One SXM Association" ictimai təşkilatının katibi və Sent-Marten hökumətinin keçmiş müşaviri Alston Lourens Bakıda keçirilən "Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər" mövzusunda beynəlxalq konfrans zamanı deyib.
"Əgər müstəmləkəçilik müəyyən narrativlər vasitəsilə möhkəmləndirilirdisə, dekolonizasiya da öz narrativini formalaşdırmaq hüququnu geri qaytarmalıdır. Karib hövzəsinin bir çox ölkəsində milli yayım sistemi, yəni dövlətə məxsus televiziya kanalının mövcudluğu tədricən dayandırılıb", – deyə o bildirib.
Onun sözlərinə görə, xəbərlər getdikcə daha çox kommersiya bazarında fəaliyyət göstərən özəl şirkətlər tərəfindən hazırlanır.
"Kiçik ada dövlətləri çox vaxt öz hüdudlarından kənarda istehsal olunan media məzmunundan asılı vəziyyətdə qalırlar. Digər regionlarda isə jurnalistika dövlət subsidiyaları hesabına dəstəklənir. Bu modellərin hər birinin öz üstünlükləri var, lakin onların hər biri daim diqqət mərkəzində saxlanılan mövzulara da təsir göstərir", – deyə Lourens qeyd edib.
O vurğulayıb ki, konstitusion inkişaf, öz müqəddəratını təyinetmə və dekolonizasiya çox nadir hallarda kommersiya baxımından cəlbedici mövzular hesab olunur.
Qeyd edək ki, Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
Konfrans Azərbaycanda ilk dəfə olaraq müstəmləkə altında olmuş və hazırda müstəmləkə statusunda olan ərazilərin media nümayəndələrinin iştirakı ilə təşkil edilən belə bir platformadır.
Konfransda keçmiş və mövcud müstəmləkə ərazilərindən media qurumlarının rəhbərləri və nümayəndələri, jurnalistlər, siyasi şərhçilər, diaspor təşkilatlarının nümayəndələri, media və kommunikasiya sahəsində ekspertlər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, tədqiqatçılar, diplomatlar, dövlət qurumlarının nümayəndələri, eləcə də yerli KİV nümayəndələri iştirak edirlər.
