İranın Buşehr vilayətində 4 məkan vurulub

Dünya xəbərləri Materials 12 İyul 2026 10:38 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gecə ABŞ-nin İrana hərbi hava hücumlarında İranın cənubunda yerləşən Buşehr vilayətində 4 məkan vurulub.

Bunu İranın Buşehr vilayətinin Buşehr rayonunun qubernatoru Məhəmməd Mozəffəri deyib.

“Ötən gecə yerli vaxtla 02:45-03:00 radələrində vilayətin Buşehr rayonuna 10 ədəd raket atılıb. Rayonun Buşehr şəhərində 3 məkan, Çoğadək şəhəri yaxınlığında bir məkan vurulub”, -deyə o bildirib.

Buşehr qubernatoru indiyə qədər ölüm halı ilə bağlı məlumatın qeydə alınmadığını deyib.

Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayaraq bildirib ki, 12 iyulda ABŞ hərbçiləri İrana qarşı növbəti zərbələr seriyasını başa çatdırıblar. Bu, son bir həftə ərzində İrana qarşı həyata keçirilən üçüncü hücum olub. Hücum İranın Hörmüz boğazında kommersiya gəmisinə endirdiyi zərbə ilə əlaqədar həyata keçirilib. ABŞ Silahlı Qüvvələri bazar gününə keçən gecə İranın təxminən 140 hərbi hədəfinə zərbələr endirib.

Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti