Bakı. Trend:
Ukraynanın Baş naziri Yuliya Sviridenko Prezident Volodimir Zelenskinin Nazirlər Kabinetinin yenilənməsini elan etməsindən sonra yaxın vaxtlarda istefa verəcəyini təsdiqləyib. O, dövlət başçısı ilə gələcək kadr qərarlarını müzakirə etdiyini və yeni istiqamətdə fəaliyyət göstərməyə hazır olduğunu bildirib.
Bu barədə Y.Sviridenko özünün sosial şəbəkə hesablarında məlumat verib.
Sviridenko bildirib ki, Prezidentlə görüş zamanı dövlət qarşısında duran çağırışları, hökumətin fəaliyyətinin gücləndirilməsi üçün zəruri dəyişiklikləri, eləcə də Ukraynanın beynəlxalq tərəfdaşlarla münasibətlərinin inkişafını və gələcək addımları müzakirə edib.
“Bu gün Ukraynanın gücləndirilməsi naminə bütün qüvvə və resursların birləşdirilməsi son dərəcə vacibdir”, – deyə o qeyd edib.
Sviridenko göstərilən etimada və hökumət komandasının fəaliyyətinə verilən yüksək qiymətə görə Prezidentə təşəkkürünü bildirib. O vurğulayıb ki, Ukraynanın müasir tarixinin ən çətin dövründə Nazirlər Kabinetinə rəhbərlik etmək onun üçün böyük şərəf olub.
Xatırladaq ki, ötən gün Volodimir Zelenski Ukraynanın siyasi strategiyasında dəyişiklik ediləcəyini bəyan etmiş və hökumətin yenilənəcəyini açıqlamışdı. O, Yuliya Sviridenkoya əsas beynəlxalq tərəfdaşla münasibətlərdə yeni mühüm istiqamətə rəhbərlik etməyi təklif edib.