Bakı. Trend:
IV Şuşa Qlobal Media Forumunun açılışında Azərbaycan Prezidenti
İlham Əliyev Trampın gördüyü işlərlə ondan əvvəlki
administrasiyaların fəaliyyəti arasında böyük fərq olduğunu
vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, 30 il davam edən
işğal dövründə ABŞ administrasiyasının o vaxtkı Minsk qrupunun
həmsədrləri ilə birlikdə əsas məqsədləri bu münaqişənin
dondurulmasından ibarət idi. Amma Azərbaycanın əraziləri azad
edilmirdi, halbuki bu istiqamətdə BMT Təhlükəsizlik Şurasının
qətnamələri var idi və bunu onların özləri də qəbul etmişdilər.
Əslində isə, məqsəd bu vəziyyəti dondurmaq və bunu Azərbaycana,
müəyyən mənada Ermənistana qarşı təsir mexanizmi kimi istifadə
etmək idi.
Donald Trampın Ağ Evə qayıdışı Cənubi Qafqaz da daxil olmaqla ABŞ-nin xarici siyasətində əhəmiyyətli bir dəyişiklik yaradıb. Əvvəlki Co Bayden administrasiyası demokratiya və insan hüquqları kimi spekulyativ institusional təzyiq alətindən istifadə etməyə çalışdığı halda, Tramp administrasiyası geosiyasi rəqabətə, enerji təhlükəsizliyinə və ABŞ-nin iqtisadi maraqlarını ehtiva edən praqmatik yanaşma sərgiləyir. Bu transformasiya Azərbaycanla ABŞ arasında əməkdaşlıq üçün yeni imkanlar açır. Vaşinqton Azərbaycanı əsasən Avropanın enerji şaxələndirilməsinin təminatında, Orta Asiya ilə Avropa arasında nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində mühüm tərəfdaş və Rusiya, Çin və İranla artan rəqabət fonunda regional sabitləşdirici rol oynaya bilən bir aktor kimi qiymətləndirir.
Ən diqqətəlayiq dəyişikliklərdən biri Amerika siyasətində ideoloji komponentin rolunun azalmasıdır. ABŞ-nin rəsmi bəyanatları əvvəllər müntəzəm olaraq Azərbaycanın daxili siyasətinə müdaxilə cəhdini xatrılatsa da, yeni administrasiya təhlükəsizlik, enerji və ticarət sahələrində praktik əməkdaşlığa daha çox diqqət yetirir. Bu, Donald Trampın milli maraqları səbatsız liberal gündəmin təbliğindən üstün tutan “Amerika əfzəldir” prinsipinə əsaslanan ənənəvi xarici siyasət fəlsəfəsinin tərkib hissəsidir.
Ermənistan-Azərbaycan münaqişəsinin həllinə yanaşmada da əhəmiyyətli dəyişikliklər müşahidə olunur. 2023-cü ildə Azərbaycanın Qarabağ üzərində tam nəzarəti bərpa etməsindən sonra regionun siyasi reallığı dəyişib. Tramp administrasiyası, münaqişənin nəticələrini yenidən nəzərdən keçirməyə yox, Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh sazişinin əldə olunmasını dəstəkləməyə yönəlmiş mövcud güc balansının nəzərə alınması prizmasından çıxış edir. Ağ Evin demokratik administrasiyası bu və ya digər şəkildə Ermənistanın mövqeyini dəstəkləyən bəyanatlarından fərqli olaraq, Donald Trampın hazırkı kursu daha çox siyasi güzəşt yolu ilə sabitliyə nail olmağa yönəlib.
ABŞ-nin xarici siyasətində Cənubi Qafqazın daha geniş mənada Avrasiya strategiyasının bir hissəsi nəzərdə tutulması da diqqətəlayiqdir. Çini, Orta Asiyanı, Cənubi Qafqazı və Avropanı birləşdirən Orta Dəhliz dəyişən qlobal logistika fonunda getdikcə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycan isə bu sistemdə əsas coğrafi mövqe tutur ki, bu da Vaşinqton üçün onun strateji dəyərini obyektiv şəkildə artırır.
Bu mənada, enerji amili də əsas rollardan birini oynayır. Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarına təbii qazın əsas təchizatçılarından biri kimi vacib tərəfdaşlardan birinə çevrilib. Avropa Rusiyanın enerji ehtiyatlarından asılılığını azaltmağa çalışması fonunda, Tramp administrasiyası Cənubi Qafqazdan keçən enerji marşrutlarının sabitliyini qorumaqda maraqlıdır, çünki onlar ABŞ müttəfiqlərinin enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verir.
Bu baxımdan, ABŞ-nin regiondakı strateji maraqları dəyişməz
olaraq qalır: sabitliyin qorunması, Rusiya və İranın təsirinin
məhdudlaşdırılması, nəqliyyat marşrutlarının inkişaf etdirilməsi və
enerji infrastrukturunun təhlükəsizliyinin təminatı. Lakin Bayden
administrasiyası bu müstəvidə daha çox siyasi təzyiqə və ictimai
diplomatiyaya güvənsə də, Tramp administrasiyası ikitərəfli
razılaşmalara, iqtisadi əməkdaşlığa və praqmatik dialoqa üstünlük
verir.
Azərbaycan üçün yeni Amerika siyasəti enerji, nəqliyyat və
investisiya sektorlarında əməkdaşlığın dərinləşdirilməsi üçün
əlverişli şərait yaradır. Bununla belə, Bakı çoxvektorlu xarici
siyasət aparır, ABŞ, Avropa İttifaqı, Türkiyə, Rusiya və Orta Asiya
dövlətləri ilə konstruktiv münasibətləri qorumağa çalışır.
Beləliklə, Donald Trampın qayıdışı Cənubi Qafqazda Amerika strategiyasının fundamental şəkildə yenidən nəzərdən keçirilməsini deyil, onun mahiyyətinin dəyişməsini nəzərdə tutur. İdeoloji yanaşma praqmatik tərəfdaşlıq siyasəti ilə əvəz olunur və bu siyasətdə Azərbaycan əsasən mühüm geoiqtisadi və geosiyasi tərəfdaş kimi qəbul olunur. Bu kursun davamlılığı həm beynəlxalq vəziyyətin inkişafından, həm də regiondakı dövlətlərin uzunmüddətli sülh və əməkdaşlıq arxitekturasını formalaşdırmaq üçün yaranan imkanlardan istifadə etmək qabiliyyətindən asılı olacaq.
Politioloq Sahil İskəndərov
