Bakı. Trend:
İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) Bəhreyn və Omanda ABŞ-nin mövqelərinə qarşı hücumlar həyata keçirib.
Bu, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) məlumatında öz əksini tapıb.
“ABŞ-nin İrana qarşı hərbi hava hücumlarına qarşılıq olaraq SEPAH-ın Hərbi Dəniz Donanması raket və PUA-lardan istifadə edərək ABŞ ordusunun Bəhreyndəki hərbi obyektləri və infrastrukturları və Omanda FPS uzaq mənzilli hava radarı və gəmi aşkarlayan radarları vurub”, - deyə məlumatda qeyd olunur.
SEPAH bildirir ki, ABŞ-nin ötən gecə hücumlarında İranın Xuzistan vilayətinin Mahşəhr rayonunda kənd təsərrüfatı üzrə su obyektini vurub.
SEPAH əlavə edib ki, gəmilərin keçidi üçün Hörmüz boğazının açılmasının yeganə yolu ABŞ ordusunun bu boğaza müdaxilələrinin son qoyulması və sahilyanı ölkələrin suverenliyinə hörmətlə yanaşmasıdır. ABŞ-nin sözügedən boğaza müdaxilələrinin davam etməsi dünyanın neft və qaz sahəsində daha böyük mənfi hadisələrlə nəticələnəcək.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.
