Bakı.Trend:
Avropa Şurasının Parlament Assambleyasına gəldikdə isə əfsuslar ki, biz tamamilə başqa mənzərəni görürük və mən şəxsən təəssüf edirəm. Çünki mən 2001-ci ildə Parlament üzvü olanda Azərbaycan nümayəndə heyətinin ilk rəhbəri olmuşam və iki il orada işləmişəm. Bildiyiniz kimi, il ərzində orada dörd sessiya olur.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı bildirib.
"Bir sözlə, yaranmış vəziyyət mənim üçün xoşagələn deyil, lakin onun baş verməsinin səbəbi sualınıza cavab vermək üçün çox vacibdir. Dalandan çıxmaq üçün nə edilməlidir? 2023-cü ilin sentyabrında ərazimiz separatçı və Ermənistanın işğalçı qüvvələrindən 100 faiz azad edilənə qədər Azərbaycan AŞPA-da heç vaxt sanksiya altında olmamışdır. 2023-cü ilin sentyabrında özünümüdafiə üçün legitim hüququmuzdan istifadə edərək, ərazimizi separatçıların qalıqlarından təmizlədik. 2024-cü ilin yanvarında onlar Azərbaycan nümayəndə heyətinin akkreditasiyasını sual altına qoydular, həmçinin o, səsvermə hüququndan məhrum edildi. Bu, bir növ insan hüquqları məsələsi ilə əlaqəli deyildi. Əgər onunla bağlı olsaydı, bunu xeyli əvvəl edərdilər. Bu, sadəcə, suverenliyimizi bərpa etmək üçün gördüyümüz işlərə görə bizi cəzalandırmaq idi. Ondan sonra Azərbaycanın nümayəndə heyəti çox müdrik qərar qəbul etdi və iclaslarda iştirakını dayandırdı. Çünki əgər bizim səsvermə hüququmuz olmayacaqsa, onda nəyə görə orada olmalıyıq?
Yeri gəlmişkən, biz Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinə səs verməmişik və bu səbəbdən Azərbaycan məhkəmə qərarlarını tanımır, çünki biz bilmirik o insanlar kimlərdir. Biz buna səs verməmişik. İki ildən artıqdır ki, ayrı-seçkiliyə məruz qalırıq. Sizə açıq deyə bilərəm ki, biz hökumətimizdə AŞPA-da üzvlüyümüzün nəinki dondurulmasını, həmin təsisatdan tam çıxmağı da ciddi şəkildə nəzərdən keçiririk. Yəni bütövlükdə Avropa Şurasından çıxmağımızı nəzərdə tuturuq.
Lakin Avropa Şurasının Baş katibi cənab Alen Berse mənə yaxınlaşaraq bunu etməməyi xahiş etdi ki, vəziyyətin yaxşılaşdırılması üçün çıxış yolu tapılsın və mən bunu hələlik dayandırdım. Lakin əfsuslar ki, həmin vaxtdan etibarən heç nə baş vermir. AŞPA-dan Azərbaycana qarşı çox müəmmalı və ultimatum formasında bəzi tələblər var ki, onlar tamamilə qəbuledilməzdir. Əlaqələri biz pozmamışıq, onlar pozublar. Onlar bizi hər hansı legitim əsas olmadan səsvermə hüququndan məhrum etdilər. Belə olan halda nə edilməlidir? Onlar Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu bərpa etməlidirlər və ondan sonra Azərbaycanın nümayəndə heyəti qayıdacaq. Bu, dəqiqliklə dediyim kimi olmalıdır, əksinə olmalı deyil!
Biz onlara qarşı heç bir səhv addım atmamışıq. Həmin ədalətsiz hərəkəti onlar ediblər və buna görə onlar da cəsarət tapıb geriyə çəkilməlidirlər, böyük səhvə yol verdiklərini etiraf etməlidirlər. Bilirsiniz, mən məsələ ilə bağlı öz fikrimi dəfələrlə bildirmişəm. Əgər Azərbaycan Avropa Şurasını tam tərk edərsə, ölkədə bunu hətta heç kəs hiss etməyəcək. Yəni orada olmaq və ya olmamaq çox şeyi dəyişmir", - deyə Prezident İlham Əliyev bildirib.
