Şuşa.Trend:
Azərbaycan mürəkkəb geosiyasi şəraitə baxmayaraq, dövlət siyasətini ardıcıl şəkildə qorumağın mümkün olduğunu göstərən nümunədir.
Bunu Ukrayna-Türk Mərkəzinin direktoru, Ukraynanın “Freedom” dövlət beynəlxalq televiziya kanalında yayımlanan "Türk Nəzər Nöqtəsi" müəllif proqramının aparıcısı Marina Qonçaruk IV Şuşa Qlobal Media Forumu çərçivəsində Trend-ə bildirib.
"Azərbaycan son dərəcə mürəkkəb geosiyasi şəraitə baxmayaraq, onilliklər ərzində öz dövlət siyasətinə sadiq qalmağın, dəyərlərindən dönmədən qarşıya qoyduğu məqsədlərə nail olmağın mümkün olduğunu göstərən, bir çox ölkələr üçün nümunədir", – deyə o vurğulayıb.
Qonçarukun sözlərinə görə, bu cür beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın açıq dialoq və aktual qlobal məsələlərin müzakirəsi üçün mühüm platforma rolunu bir daha təsdiqləyir.
"Azərbaycan dialoq üçün çox mühüm platforma yaradır. Ölkə informasiya müharibəsi və dezinformasiya ilə mübarizədə özünəməxsus təcrübəyə malikdir və bu istiqamətdə cəmiyyətin konsolidasiyası üzərində ardıcıl iş aparır", – deyə o qeyd edib.
Ekspert əlavə edib ki, Şuşa Qlobal Media Forumunda iştirak müxtəlif ölkələrdən olan həmfikir insanlarla təcrübə mübadiləsi aparmağa, dezinformasiyaya qarşı mübarizə və beynəlxalq proseslərin obyektiv işıqlandırılması məsələlərini birgə müzakirə etməyə imkan yaradır.
Şuşadan danışan Qonçaruk şəhərin Azərbaycan-Ukrayna münasibətlərinin tarixində xüsusi yer tutduğunu vurğulayıb.
"Mənim üçün Şuşa xüsusi şəhərdir. Burada uzun illər araşdırdığım tarix sanki yenidən canlanır. Son illərdə şəhər nəzərəçarpan şəkildə dəyişib, buraya həyat və beynəlxalq dialoq qayıdıb", – deyə o bildirib.
Qonçaruk, həmçinin Şuşa şəhərinin görkəmli yetirmələri, o cümlədən Yusif Vəzir Çəmənzəminli və Cəlil Sadıxovun Ukrayna ilə əlaqələrini də xatırladıb.
