Bakı. Trend:
Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı (ÜGT) arasında əməkdaşlıq uzun illərdir uğurla davam edir və ölkə təşkilatın fəaliyyətinə həm ekspert, həm də maliyyə dəstəyi ilə mühüm töhfələr verir.
Bu fikirləri Ümumdünya Gömrük Təşkilatının Baş katibi İan Sanders jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan ÜGT-nin ən mühüm işçi və idarəetmə orqanlarında fəal iştirak etməklə yanaşı, beynəlxalq gömrük ictimaiyyətinin inkişafına da əhəmiyyətli töhfələr verir.
“Azərbaycan Gömrük Xidməti ilə ÜGT arasındakı münasibətlər çox güclüdür. Bu münasibətlər illərdir ki, güclü olaraq qalmaqdadır. Azərbaycan təşkilatın ən mühüm işçi və idarəetmə orqanlarında yaxından iştirak edir, öz baxış bucağını, təcrübəsini və ideyalarını beynəlxalq gömrük ictimaiyyətinə çatdırır”, – deyə Baş katib bildirib.
İ.Sanders vurğulayıb ki, Azərbaycan yalnız təşkilatın fəaliyyətində iştirak etməklə kifayətlənmir, eyni zamanda praktiki müstəvidə də ÜGT-nin inkişafına dəstək verir.
Onun sözlərinə görə, ölkə ÜGT ekspertlərinin akkreditasiyası vasitəsilə öz daxili institusional potensialını artırır, digər üzv ölkələrin gömrük xidmətlərinin inkişafına yönəlmiş layihələrə maliyyə dəstəyi göstərir və beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verir.
“Azərbaycan son bir neçə ildə digər gömrük administrasiyalarının potensialının gücləndirilməsinə yönəlmiş maliyyə dəstəyi təmin etməklə ÜGT-yə aktiv şəkildə dəstək verir. Beləliklə, ölkə həm işçi qruplarında öz təcrübəsini bölüşür, həm idarəetməmizə töhfə verir, həm də ekspert və maliyyə yardımı göstərir. Nəticədə Azərbaycanın qazandığı uğurlu təcrübə və səriştə beynəlxalq gömrük ictimaiyyətinə yayılmış olur. Birmənalı olaraq çox güclü bir əməkdaşlıq mövcuddur”, – deyə İan Sanders vurğulayıb.
