Bakı. Trend
IV Şuşa Qlobal Media Forumu bir daha Azərbaycan dövlət başçısının çağdaş dövrümüzün vizyoner siyasi liderlərindən biri kimi qəbul olunduğunu göstərdi.
IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev bir daha Azərbaycanın qlobal gündəliklə bağlı mövqeyini, strateji baxışını və ölkənin artan nüfuzunu əks etdirən mühüm mesajlar səsləndirdi. Dövlət başçısı forumdakı çıxışında Azərbaycanın qlobal gündəliyini aydın şəkildə müəyyən etmişdir: “Qlobal gündəlik inkişaf, davamlı inkişaf, Qarabağın bərpası və yenidən qurulması, bütün layihələrimizin tamamlanmasıdır ki, bu da yeni nəqliyyat marşrutlarına və əlaqələndirməyə gətirib çıxaracaq”. Eyni zamanda, dövlət başçısı rəqəmsal transformasiya və süni intellektin inkişafını da Azərbaycanın əsas inkişaf hədəflərindən biri kimi qeyd etdi. Bu, ölkəmizin qlobal texnoloji tendensiyalarla ayaqlaşmaq və informasiya müstəvisində müasir çağırışlara cavab vermək qətiyyətini nümayiş etdirdi.
Prezident İlham Əliyevin forumdakı çıxışının ən diqqətçəkən məqamlarından biri Azərbaycanın “orta dövlət” (middle power) kimi tanınması ilə bağlı açıqlamalrı oldu. Dövlət başçısı ekspertlərin Azərbaycanı artıq orta dövlət kimi qiymətləndirdiyini qeyd edərək vurğuladı: “Bu terminologiya ölkənin potensialının tanınması, milli maraqlarını müdafiə etmək qabiliyyəti deməkdir – böyük dövlətlərin nə düşündüyündən və ya nə etdiyindən asılı olmayaraq”.
Azərbaycanın qlobal nəqliyyat-logistika layihələrindəki uğurları və strateji perspektivləri IV Şuşa Qlobal Media Forumunun mühüm müzakirə mövzularından biri oldu. Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) bu gün Avrasiyada Şərqlə Qərb arasında dayanıqlı logistikanın təşkili üçün ən optimal variantlardan birinə çevrilmişdir. 2019-cu illə müqayisədə Orta Dəhlizlə daşınan yüklərin həcmində beş dəfəyədək artım qeydə alınıb. Yüklərin həcminin sürətlə artması Azərbaycanın bu marşrutda artan nüfuzunun göstəricisidir. Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə Orta Dəhlizdə əlavə olaraq ildə 15 milyon ton yük daşınması gözlənilir.
Orta Dəhliz və Zəngəzur dəhlizi kimi qlobal nəqliyyat-logistika layihələri Azərbaycanı Avrasiyanın nəqliyyat qovşağına çevirərək ölkənin iqtisadi potensialını və beynəlxalq əhəmiyyətini daha da artırır.
Nəhayət, Azərbaycanın dürüstlük, etibarlılıq əsasında qurulmuş xarici siyasət kursu ona nəinki regional, həm də qlobal səviyyədə etimad qazandırmışdır. IV Şuşa Qlobal Media Forumu bir daha ölkəmizin artan nüfuzunu, reputasiyasını, möhkəm mövqeyini nümayiş etdirdi. Azərbaycan dövlət başçısının isə çağdaş dövrümüzün vizyoner siyasi liderlərindən biri kimi qəbul olunduğunu göstərdi.
Zaur İbrahimli - Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü