Bakı. Trend:
Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər Azərbaycanın son illərdə əldə etdiyi siyasi, iqtisadi və diplomatik uğurların məntiqi nəticəsini əks etdirir.
Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, dövlət başçısının vurğuladığı kimi, bu gün Azərbaycan yalnız öz milli maraqlarını qətiyyətlə müdafiə edən dövlət deyil, eyni zamanda beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, səmimi dost və məsuliyyətli aktor kimi tanınır:
“Prezident İlham Əliyevin qeyd etdiyi "Biz harada kömək edə biləriksə, hər zaman orada səmimi şəkildə dəstək olmuşuq" fikri Azərbaycanın xarici siyasət fəlsəfəsinin əsas mahiyyətini ifadə edir. Ölkəmiz humanitar yardım proqramları, enerji təhlükəsizliyi, nəqliyyat layihələri və beynəlxalq əməkdaşlıq təşəbbüsləri vasitəsilə bir çox dövlətlərin etibarlı tərəfdaşına çevrilib. Bu siyasətin əsasında isə dövlət başçısının da vurğuladığı kimi, etimad, səmimiyyət və dürüstlük dayanır.
Qoşulmama Hərəkatına üzv 120 dövlətin yekdilliklə Azərbaycanın namizədliyini dəstəkləməsi ölkəmizə beynəlxalq səviyyədə göstərilən yüksək etimadın ən bariz nümunələrindən biridir. Bu etimad təsadüfi deyil. Azərbaycan bütün beynəlxalq platformalarda müstəqil mövqe nümayiş etdirərək daim beynəlxalq hüququn prinsiplərinə sadiq qalıb”.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin Cənubi Qafqazdakı yeni geosiyasi reallıqlarla bağlı səsləndirdiyi fikirlər xüsusi əhəmiyyət daşıyır:
“İkinci Qarabağ müharibəsindən sonra regionda tamamilə yeni
təhlükəsizlik və əməkdaşlıq mühiti formalaşıb. Azərbaycanın ərazi
bütövlüyünü və suverenliyini tam bərpa etməsi regionun gələcək
inkişafı üçün yeni imkanlar açıb. Bu reallıq artıq beynəlxalq
cəmiyyət və siyasi dairələr tərəfindən də qəbul edilir və bölgəyə
münasibətdə yeni yanaşmaların formalaşdırılmasını zəruri edir.
Dövlət başçısının "Cənubi Qafqaz geosiyasi qarşıdurma arenası kimi
qəbul edilməməlidir" fikri Azərbaycanın uzunmüddətli strateji
baxışını əks etdirir:
“Ölkəmiz bölgənin böyük güclərin rəqabət meydanına çevrilməsində maraqlı deyil. Əksinə, Azərbaycan regional əməkdaşlıq, qarşılıqlı etimad və iqtisadi inteqrasiyanın gücləndirilməsinin tərəfdarı kimi çıxış edir.
Prezident İlham Əliyevin "Biz geosiyasi intriqaların qurbanı olmadıq. Biz xarici aktorların heç birinə imkan vermədik ki, Azərbaycanı istifadə etsinlər" bəyanatı isə müstəqil xarici siyasətin uğurunun ən dəqiq ifadəsidir. Azərbaycan milli maraqlarını hər zaman üstün tutaraq heç bir xarici mərkəzin təsiri altına düşməyib və balanslaşdırılmış siyasət kursunu uğurla davam etdirib. Bu gün ölkəmizin beynəlxalq nüfuzunun artmasının əsas səbəblərindən biri də məhz bu prinsipial mövqedir.
Prezident İlham Əliyevin həm Azərbaycanın şimalında, həm də cənubunda ədalətli və beynəlxalq hüquqa əsaslanan sülhün bərqərar olmasının vacibliyi ilə bağlı çağırışları ölkəmizin xarici siyasətinin humanist mahiyyətini bir daha nümayiş etdirir. Azərbaycan hər zaman hesab edib ki, davamlı sülh yalnız beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında mümkündür. Ermənistanla uzun illər davam edən münaqişə dövründə də ölkəmiz məhz beynəlxalq hüquqa söykənən mövqe nümayiş etdirib və nəticədə tarixi ədalətin bərpasına nail olub”.
Deputat vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun siyasi və iqtisadi gündəmini müəyyənləşdirən əsas dövlətə çevrilib:
“Şuşa Qlobal Media Forumunda səsləndirilən mesajlar bir daha göstərdi ki, ölkəmiz gələcək dövrdə də sülhün, sabitliyin, beynəlxalq əməkdaşlığın və qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində fəal rol oynamaqda davam edəcək”.
