Trend İnformasiya Agentliyinin Mərakeşdən xüsusi reportajı
Elə mövzular var ki, onların ətrafında artıq yeni nəsə deməyin mümkünsüz olduğu təsəvvürü yaranır. Siqaret çəkmək də məhz belə mövzulardan biridir. Son onilliklər ərzində dünya ölkələri bu sahədə zəruri hesab etdikləri demək olar ki, bütün addımları atıblar: aksizləri artırıblar, reklamı məhdudlaşdırıblar, ictimai yerlərdə siqaret çəkməyi qadağan ediblər, istehsalçıları siqaret qutularının üzərində sağlamlığa zərərləri barədə xəbərdarlıqlar yerləşdirməyə məcbur ediblər. Lakin bütün bu ölçülərə rəğmən, bu gün dünyada hələ də bir milyarddan çox siqaret çəkən insan var.
Mərakeşin paytaxtı Rabatda keçirilən “Technovation Smoke-Free” beynəlxalq konfransında müzakirələr məhz bu rəqəmlə başladı. Gözləntilərin əksinə olaraq, konfrans əsasən siqaretin tənqidinə həsr olunmamışdı. Burada heç kim siqaretin sağlamlığa ciddi zərər vurduğunu mübahisə etmirdi. Əsas diqqət başqa bir suala yönəlmişdi: əgər milyonlarla yetkin insan bütün məhdudiyyət və xəbərdarlıqlara baxmayaraq siqaret çəkməyə davam edirsə, müasir elm siqaretdən tam imtina etmək istəməyən insanlar üçün riski azaltmağa kömək edəcək əlavə yollar təklif edə bilərmi?
Müxtəlif ölkələrdən Rabata gəlmiş alimlərin, həkimlərin, ictimai səhiyyə ekspertlərinin, dövlət qurumlarının nümayəndələrinin və jurnalistlərin çıxışları məhz bu ideya ətrafında qurulmuşdu.
Konfransı açan “Philip Morris International” şirkətinin Kommunikasiya və İctimaiyyətlə Əlaqələr üzrə vitse-prezidenti Tommazo Di Covanni xatırladıb ki, zərərin azaldılması konsepsiyası heç də son illərdə yaranmayıb. Onun sözlərinə görə, hələ 1997-ci ildə ictimai səhiyyə sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar tütün məmulatlarının toksikliyinin azaldılması üçün bütün mümkün yolların araşdırılmasının vacibliyini vurğulayırdılar. Bir neçə il sonra isə ABŞ Tibb İnstitutu tütünün zərərinin azaldılması (tobacco harm reduction) strategiyasının elmi əsaslarının ətraflı təhlil edildiyi "Clearing the Smoke" adlı fundamental hesabatını dərc edib.

Di Covanni vurğulayıb ki, həmin vaxtdan bəri çox böyük həcmdə elmi tədqiqatlar toplanıb, texnologiyalar isə əhəmiyyətli dərəcədə inkişaf edib. Onun sözlərinə görə, innovasiyalar demək olar ki, həmişə eyni yolu keçir: əvvəlcə skeptisizmlə qarşılanır, sonra elmi müzakirələrin mövzusuna çevrilir, illər sonra isə toplanmış sübutlar əsasında obyektiv qiymətləndirilir. O hesab edir ki, ənənəvi siqaretlərə tüstüsüz alternativlər hazırda məhz bu mərhələdən keçir.
Bununla yanaşı, konfrans iştirakçılarının dəfələrlə vurğuladığı kimi, söhbət heç də "təhlükəsiz siqaret"in yaradılmasından getmir. Əsas məqsəd siqaret çəkməyə davam edən yetkin istifadəçilər üçün tütünün yanması zamanı əmələ gələn ən təhlükəli maddələrin təsirini elm və texnologiyanın köməyi ilə azaltmaqdır.
Bu mövzu konfransın əsas müzakirələrindən biri olan "Cəsarətli baxışdan real nəticələrə" adlı panel sessiyasında daha da inkişaf etdirildi. PMI-nin Mərakeş üzrə baş direktoru Taylan Süer burada artıq texnologiyalardan daha çox, istənilən innovasiyanın real nəticə verməsi üçün zəruri olan şərtlərdən danışdı.

Bununla belə, Rabatda ən məzmunlu müzakirələrdən biri məhz nikotin ətrafında aparıldı. Konfrans iştirakçılarının ən çox sual ünvanladığı mövzu da elə bu oldu.
Əsas məruzəçilərdən biri Fransanın tanınmış onkoloqu, Pyer və Mari Küri Universitetinin professoru David Hayat idi. O, çıxışının əvvəlində ictimai şüurda çox vaxt eyni anlayış kimi qəbul edilən iki məfhumu – nikotin və tütünün yanmasının fəsadlarını – bir-birindən ayırmağı təklif etdi.
Professorun sözlərinə görə, müasir elmi məlumatlar göstərir ki, sağlamlıq üçün əsas təhlükəni məhz tütünün yanması zamanı əmələ gələn toksik maddələr yaradır. Məhz həmin maddələrin tərkibində minlərlə kimyəvi birləşmə, o cümlədən onlarla kanserogen mövcuddur və bunlar siqaret çəkmə ilə əlaqəli onkoloji və ürək-damar xəstəliklərinin əksəriyyətinin əsas səbəbidir.
Professor çıxışı boyunca əsas tezisi hesab etdiyi bir fikrə dəfələrlə qayıtdı. Onun sözlərinə görə, ən doğru seçim siqaretdən tamamilə imtina etməkdir. Lakin tibb yalnız ideal ssenariləri deyil, real həyatı da nəzərə almalıdır.

“Biz bilirik ki, bir çox insanlar siqareti tərgitmir. Üstəlik, bəzi pasiyentlərə onkoloji diaqnoz qoyulduqdan sonra belə siqaret çəkməyə davam edirlər. Bu faktı görməzdən gəlmək olmaz. Buna görə də ictimai səhiyyə sistemi bu kateqoriyadan olan insanlar üçün də həll yolları axtarmalıdır”, – deyə o vurğulayıb.
Hayatın fikrincə, səhiyyə siyasəti ilk növbədə emosional yanaşma və ya formalaşmış stereotiplər üzərində deyil, elmi sübutlar əsasında qurulmalıdır. Məhz buna görə də professor hesab edir ki, tütünün zərərinin azaldılması sahəsində aparılan tədqiqatlar tibb ictimaiyyətinin ciddi diqqətinə layiqdir.
Konfransın diqqətçəkən çıxışlarından biri də PMI-nin Cənub-Şərqi Asiya, Afrika və Yaxın Şərq regionu üzrə elmi əməkdaşlıq direktoru Tomoko İidanın təqdimatı oldu. O, son illər ərzində şirkətin fəlsəfəsinin necə dəyişdiyindən danışdı.

Onun sözlərinə görə, tüstüsüz məhsulların hazırlanması və elmi tədqiqatlara milyardlarla dollar investisiya yatırılıb. Bu məhsullar hazırda dünyanın yüzdən artıq bazarında təqdim olunur. Bununla yanaşı, əsas məqsəd nikotinin təşviqi deyil, yetkin siqaret istifadəçilərinin tədricən ənənəvi siqaretdən imtina edərək, mövcud elmi araşdırmalara əsasən, tütünün yanması nəticəsində yaranan zərərli maddələrin təsirinin daha az olduğu alternativlərə keçidini təmin etməkdir.
Konfransın bir çox panel müzakirələrində diqqət çəkən digər mühüm mövzu isə Afrikanın ictimai səhiyyə siyasətini müstəqil şəkildə formalaşdırmaqda oynadığı rol oldu. Mərakeş, Tunis, Seneqal və Liviyadan olan ekspertlər qeyd ediblər ki, qitə tədricən xarici modellərin mexaniki surətdə təqlidi praktikasından uzaqlaşır. Getdikcə daha çox yerli elmi tədqiqatlara, öz tibbi statistikasına və ayrı-ayrı ölkələrin xüsusiyyətlərini nəzərə alan qərarlara üstünlük verilir. Bu yanaşma siqaret mövzusundan daha geniş məna daşıyır və əslində Afrikada bütün səhiyyə sisteminin gələcəyinə dair baxışı əks etdirir.
Məhz bu cəhət Rabatda keçirilən konfransı oxşar tədbirlərin əksəriyyətindən fərqləndirirdi. Burada əsas diqqət konkret məhsul və ya texnologiyalara deyil, dövlət qərarlarının qəbulunda elmin roluna yönəlmişdi. Demək olar ki, bütün çıxışçılar – peşəsindən və tutduğu vəzifədən asılı olmayaraq – eyni fikri səsləndirirdilər: mürəkkəb problemlər mürəkkəb həllər tələb edir və ictimai səhiyyə siyasəti ilk növbədə elmi sübutlara və tədqiqat nəticələrinə əsaslanmalıdır.
“Technovation Smoke-Free” konfransını tərk edərkən düşündüm ki, bu iki günün əsas nəticəsi ayrı-ayrı bəyanatlar və ya yeni statistik rəqəmlər deyil. Daha önəmlisi odur ki, siqaretlə mübarizə ilə bağlı qlobal müzakirələrin xarakteri tədricən dəyişir. Bu gün mütəxəssislər artıq təkcə qadağa və məhdudiyyətləri deyil, həm də müasir elmin imkanlarını, yeni texnologiyaları və ənənəvi profilaktika üsullarının əhatə dairəsindən kənarda qalan insanlar üçün həll yollarını müzakirə edirlər. Bu müzakirələrin hansı nəticələr verəcəyini zaman göstərəcək. Lakin bir məqam artıq aydındır: ictimai səhiyyənin gələcəyi ilə bağlı müzakirələr bir neçə il əvvəlkindən daha dərin və daha mürəkkəb məzmun kəsb edir.
